Rusiyanın Ermənistana “Rusiya Dəmir Yolları”nın (RJD) infrastrukturu vasitəsilə taxıl tədarükü müntəzəm xarakter alıb.
Bizim.Media xəbər verir ki, bu barədə holdinqin idarə heyətinin yekun iclasından sonra RJD-nin baş direktorunun birinci müavini Sergey Pavlov məlumat verib.
Onun sözlərinə görə, şirkət bu istiqamətdə fəaliyyəti genişləndirməyi planlaşdırır.
“Hazırda tədarüklər müntəzəm xarakter daşıyır. Bu marşrut üzrə daşımaları bundan sonra da inkişaf etdirməyi planlaşdırırıq”, – məlumatda qeyd olunub.
Pavlov xatırladıb ki, 2025-ci ilin noyabrında uzun illərdən sonra Rusiyadan Ermənistana taxıl daşıyan ilk dəmir yolu qatarı yola salınıb. Bu, Ermənistan yüklərinin Azərbaycan ərazisindən tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasından sonra mümkün olub.
Daha əvvəl Rusiya Nəqliyyat Nazirliyi bildirmişdi ki, həmin vaxt Ermənistana ilk buğda partiyası – 15 taxıl vaqonu göndərilib. 2026-cı ilin yanvar ayının sonunadək bu marşrutla əlavə olaraq daha 132 vaqonun daşınması planlaşdırılır.
Bundan başqa, tərəflər digər növ yüklərin daşınmasının təşkili imkanlarını da müzakirə edirlər.
Bizim.Media