Baş nazir Benyamin Netanyahunun ABŞ-ı tənqid edən videomüraciətindən sonra Ağ Ev ABŞ və İsrail arasında cümə axşamı baş tutmalı olan yüksək səviyyəli görüşü ləğv edib.
Bizim.Media “Axios”a istinadən xəbər verir ki, ABŞ rəsmiləri Netanyahunun ABŞ-ı onlara silah verməməkdə günahlandırdığı videomüraciətdən çox qəzəbləniblər.
Adının açıqlanmasını istəməyən İsrail rəsmilərindən biri də amerikalıların çox əsəbi olduqlarını deyib.
“Axios”a danışan amerikalılar isə Co Bayden administrasiyasının İsrailə hərbi dəstək məsələsində Netanyahunun “nankorluğundan” narazı olduğunu bildiriblər.
İnformasiya portalının gəldiyi nəticəyə görə, Co Baydenin müşaviri Amos Hokşteyn İsrailin baş naziri ilə şəxsən görüşüb, ABŞ-a qarşı yazılan videomüraciətin və buna bənzər ittihamların qəbuledilməz olduğunu bəyan edib.
Bundan əvvəl Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya ABŞ-ın Qəzza zolağında müharibə ilə bağlı siyasətinə yenidən baxa biləcəyini deyib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu videomüraciət yayaraq son bir neçə aydır ABŞ Administrasiyasının İsrailə silah-sursat tədarükünü dayandırdığını deyib.
ABŞ dövlət katibi Entoni Blinken isə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib ki, Amerikanın İsrailə silah tədarükü dayanmayıb.
Bizim.Media