Keçmiş "Dəyirman" rep qrupunun üzvü, müğənni ABD Malik Kələntərli banklardan şikayətlənib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ölkə ərazisində fəaliyyət göstərən bir sıra bankların müştərilərin telefonuna göndərdiyi xəbərdarlıq və bildiriş mesaj xidmətinin qiymətinin 1 manatdan 3 manata qaldırması ilə bağlı videomüraciət yayımlayıb.
"Çox maraqlı bir sualım var. Bu sualım bank sahibləri və işçilərinədir. Müştəri olduğum bankın sms xəbərdarlıq sistemi əvvəllər 1 manat idi. Sonra bir müddət keçdi 2 manat oldu. Bu gün elan gəlib ki, sms bildirişlərin qiyməti artıq 3 manat olacaq.
"Ok!" Bir sualım var, bu sms bildirişlər və xəbərdarlıq sistemi benzinlə işləyir - yox, xaricdən gəlib gömrükdə dayanır - yox, sms-i yaratmaq üçün hansısa kimyavi maddələrdən istifadə etmək lazımdır - yox. Ola bilsin ki, mən nələrsə bilmirəm, üzr istəyirəm. İzah edin bilək, bu sms xəbərdarlıq və bildiriş sisteminin qiyməti niyə görə qalxır? Niyə?", - deyə Kələntərli vurğulayıb.