Moderator.az keçmiş Qarabağ müharibəsi iştirakçısı Nürəddin Xocanın teref.info saytında getmiş müsahibəsini təqdim edir:
- Nürəddin bəy, bu günlərdə ermənilər Qarabağda dinc insanlarımızı öldürən “Arabo” taboru haqda film çəkərək, bu quldur və cinayətkar dəstəni “qəhrəman” elan ediblər. Keçmiş müharibə iştirakçısı olaraq, bu dəstə haqda nə deyə bilərsiniz?
- “Arabo” taboru M.Eqizaryan tərəfindən Suriya, Livan, Fransa, ABŞ və Sovet-Əfqanıstan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət Avropanın ən güclü muzdlu taborundan biri idi. 29 iyun 1992-ci ildə 123-cü polkun 2-ci Gəncə taborunun komandiri Mehman Ələkbərova kəşfiyyat rotasının komandiri Vaqif Həmidovdan Ağdərənin Həsənqaya kəndinə tərəf böyük erməni silahlı qüvvələrinin yaxınlaşdığı barədə məlumat gəldi. Mehman Ələkbərov Həsənqaya kəndinin qırağında yerləşən əkində kəşfiyyatın mövqe tutması haqda əmr verdi. Özü isə taboru “trevoqa” ilə qaldıraraq komandanlığı məlumatlandırdı və Həsənqaya kəndinə tərəf əlində olan qüvvələrlə hərəkət etdi. Həsənqaya kəndinin qırağında Mehman Ələkbərovun məharətli manevri sayəsində erməni qüvvələri mühasirəyə alındı. 171 nəfər şəxsi heyyətə malik olan, ən son müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123-cü rotanın 2-ci Gəncə taboru tərəfindən tamamilə məhv edildi. Taborun komandiri M.Eqizaryan 3 nəfərlə hər şeyini atıb qaça bilmişdi. 167 nəfər düşmən cəsədi Həsənqaya kəndinin qırağında qaldı. Beləliklə, Avropanın mifləşdirilmiş ən güclü müzdlu taborlarından biri sayılan, Xocalı və Qaradağlı soyqırımının bir nömrəli günahkarlarından olan “Arabo” taboru qeyri-bərabər döyüşdə Mehman Ələkbərovun məharətli manevrləri ilə bacarmayaraq, panikaya uğradı və məhv edildi. Ən müasir silahlarla silahlanmış, böyük döyüş təcrübəsi olan 171 nəfərlik tabora qarşı atıcı silahları olan 146 nəfərlik könüllülər taboru vuruşurdu.
Manvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının birbaşa təşkilatçısı olub və bu tabor amansızlığı ilə tanınırdı. Ermənilər bu taborun məhvini 1994-cü ilə qədər gizlədirdilər. Lakin 1994-cü ildə Manvel Eqizaryan taborunun məhv edildiyini etiraf etdi.
- Bu dəstənin ləğvi Azərbaycan ordusunun ümumi əhval-ruhiyyəsinə necə təsir etdi?
- Qarabağda hərbi əməliyyatlar aparan 2-ci korpusun 123-cü polku tabeliyində olan Gəncə taborunun komandiri Mehman Ələkbərovun fitri hərbi istedadı ona imkan verdi ki, az qüvvə ilə Həsənqaya kəndinin ərazisində “Arabo” taborunu özünə sərf edən əraziyə çəksin və orada düşməni itki vermədən məhv etsin. Bu döyüş erməni silahlı qüvvələrinə ruh düşkünlüyü gətirdi. Azərbaycan silahlı qüvvələrinə isə əks hücuma keçmək üçün ruh yüksəkliyi verdi və təşəbbüsü əllərinə almağa şərait yaratdı. Bununla da Azərbaycan ordusu erməni əlində olan, bağlanmış Kəlbəcər yolunu azad etdi, Laçın istiqamətində Sarıbaba strateji əhəmiyyətli yüksəklikdən Laçına hücuma başladı.
- Belə bir cəsur komandirin sonrakı taleyi necə oldu?
- Mehman Ələkbərov 1993-cü il Gəncə hadisələri zamanı 709-cu briqadaya hücum edən hökumət qoşunları ilə müdafiə olunan 709-cu briqadanın əsgərlərinin arasına ağ bayraqla girib, sülh yaratmaq istəyən zaman güllələnmişdi. Bu zaman onun yanında olan batalyon komandirinin müavini Mehman Cəfərov da güllələnərək öldürülmüşdü. Bu hadisənin şahidi olan Mehman Ələkbərovun qardaşı Ağakərim Ələkbərovun dediyinə görə, onları Qazax briqadasının əsgərləri güllələmişdi.