ABŞ-ın Texas ştatında 7 yaşlı qız uşağını öldürməkdə təqsirli bilinən kuryer barəsində ölüm hökmü çıxarılıb.
Bizim.Media xəbər verir ki, hadisə 2022-ci ilin noyabrında Texas ştatının Paradays şəhərində baş verib.
34 yaşlı Tanner Horner Strend ailəsinin evinə bağlama çatdırırmış. O, həmin vaxt 7 yaşlı Afina üçün Milad hədiyyəsi kimi nəzərdə tutulan “Barbie” kuklalarının olduğu qutunu aparırmış.
Məlumata görə, Horner uşağı avtomobilinə zorla mindirib, daha sonra onu boğaraq öldürüb və meyitini dərəyə atıb. Aprelin 7-də Horner məhkəmə prosesi başlamazdan bir neçə saat əvvəl qəsdən adam öldürmə və ağırlaşdırıcı hallarla adam oğurluğu ittihamları üzrə günahını etiraf edib.
Andlılar məhkəməsi Hornerin edama layiq olub-olmaması barədə 2 saat 50 dəqiqə müzakirə aparıb.
Məhkəmənin qərarı ilə Tanner Horner barəsində ölüm hökmü çıxarılıb. Bildirilir ki, təqsirləndirilən şəxs hökm oxunarkən sakitliyini qoruyub.
Bizim.Media