Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.
Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən it indiyədək səkkiz nəfərə - məktəbli uşaqlara və qadınlara hücum edib.
Bu səbəbdən valideynlər uşaqlarını məktəbə avtomobillə aparıb-gətirməyə məcbur olduqlarını, küçədə sərbəst hərəkət edə bilmədiklərini bildirirlər.
"Çoban itidir, altı-yeddi uşağı yaralayıb. Sahibi tapılmır. Bu gün də bir qadına hücum edib. Uşaqları görəndə üstünə atılır. Hətta bir uşağın qulağını qoparıb, hazırda xəstəxanadadır", - sakinlərdən biri deyib.
"Maşından düşmüşdüm, gördüm ki, it üstümə gəlir. Elə həmin an məni dişlədi. Bədənim tam göyərmişdi, diş izləri qalmışdı", - başqa bir sakin qeyd edib.
Məsələ ilə bağlı Mərdəkan qəsəbə bələdiyyəsindən bildirilib ki, hadisədən xəbərdardırlar və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Bizim.Media