Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA-nın inkişaf prosesi yeni imkanların inteqrasiyası ilə davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baykar şirkəti yayıb.
Məlumata görə, Çorluda yerləşən AKINCI Uçuş Təlim və Sınaq Mərkəzində aparılan işlər çərçivəsində iki fərqli Bayraktar KIZILELMA prototipi eyni vaxtda səmada tapşırıq icra edib.
Keçirilən sınaq zamanı Bayraktar KIZILELMA-nın üçüncü prototipi PT3 və beşinci prototipi PT5 ard-arda havaya qalxıb. Səmaya qalxan iki pilotsuz döyüş təyyarəsi Baykar komandası tərəfindən hazırlanmış ağıllı avtonomiyası alqoritmləri sayəsində bir-biri ilə koordinasiyalı şəkildə hərəkət edib. Bununla da dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi avtonom şəkildə yaxın uçuş reallaşdırıb.
Bu texnoloji irəliləyişlə insanların idarə etdiyi döyüş təyyarələrinin yerinə yetirdiyi mürəkkəb hava tapşırıqları avtonom sistemlərə ötürülür. Bu imkan bir neçə pilotsuz platformanın vahid lider idarəsi altında, bir-birinə nisbətən mövqelərini avtonom şəkildə tənzimləyərək ortaq tapşırıq icra etməsinə şərait yaradır.
Bizim.Media