Tovuzun Düz Cırdaxanı kəndinə illər əvvəl su xətləri çəkilsə də, 60 ev təxminən 6 ildir susuz qalıb.
Bizim.Media İTV-yə istinadən xəbər verir ki, kənd sakinləri gündəlik təlabatlarını ödəmək üçün ayda bir neçə dəfə pul xərcləməli olurlar.
Onların sözlərinə görə 5 ton su 25-30 manata başa gəlir, bu da bir ailəyə ən çoxu bir həftə və ya 10 gün bəs edir:
“Kənd camaatı o qədər sudan əziyyət çəkir ki, arxdan gələn çirkli sudan da istifadə edirlər. Suyu çənlərə doldurub, durulduruq. Mal-qara, toyuq-cücənin hamısı da həmin sudan istifadə edir. Özümüz də maşınla su gətirdirik, o da uzun müddət bəs etmir. Kran suyumuz yoxdur, ona görə də əziyyət çəkirik”.
Düz Cırdaxanlıların su problemi ilə bağlı Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, kənd ərazisində 9 ədəd bulaq mövcuddur:
“Oradakı əhalinin su təminatı məhz bu bulaqlar vasitəsi ilə həyata keçirilir. Həmçinin xidmətin mərkəzləşmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə, o cümlədən qeyd olunan kənddə Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sistemlərinin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb.Layihənin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir”.
Daha ətraflı videomaterialda:
Bizim.Media