Martın 24-də Azərbaycan teatr və kino aktyoru, rejissoru, Xalq artisti Həsənağa Turabovun doğum günüdür.
Bizim.Media xatırladır ki, Həsənağa Turabov 1938-ci ildə Bakı şəhərində anadan olub.
O, 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub.
Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.
1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsər səhnəyə qoyulub.
O, səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.
Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub.
Səhnədə yaratdığı rollar arasında "Vahid" ("Kəndçi qızı"), "Azər" ("Yaxşı adam"), "Hamlet" ("Hamlet"), "Lionel" ("Orman qızı"), "İsgəndər" ("Ölülər"), "Xəyyam" ("Xəyyam") xüsusilə seçilir.
Bizim.Media