“Mən Sovet dövründə təhsil almışam. Məktəbdə vahid forma var idi və qalstukumuz, yaxud önlüyümüz olmayanda bizi dərsə buraxmırdılar. Heç kim etiraz etmirdi. Üstəlik, valideynlərimiz də müəllimlərin tərəfini tuturdu: "Düz edib buraxmayıblar. Belə məsuliyyətsizlik olar? Bundan sonra qalstukunuzu, önlüyünüzü taxmadan məktəbə getməyin!" İndi anlaya bilmirəm, biz nəyə etiraz edirik? Məktəblinin məktəbə vahid geyimdə getməsinə?”
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.
“7 yaşlı uşaq hicabın nə olduğunu və onu mütləq taxıb məktəbə getməli olduğunu hardan anlayır? Sabah o yaşda uşaq desə ki, "mən məktəbə qırmızı saçla və ya makiyajla gedəcəm", buraxacaqsınız? Təbii ki, yox.
Buraxın bu uşaqlar gedib təhsil alsınlar. Həddi-büluğa, yəni sərbəst qərar vermə yaşına çatanda qərarlarını özləri verəcəklər.
İndi isə qayda belədir: məktəbli məktəbə müəyyən edilmiş vahid geyimdə getməlidir!
Valideynlər, zəhmət çəkib az yaşlılara başa salın ki, heç kim sizə hicab taxmağı qadağan etmir, sadəcə məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir. Qərar vermə yaşına çatdıqda istədiyiniz geyimi seçə bilərsiniz”, - deyə telejurnalist əlavə edib.

Bizim.Media