Məşhur müğənni Rihannanın Fransada pərəstişkarı ilə yaşadığı gülməli hadisənin videosu sosial şəbəkələrdə geniş yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə Kann şəhərində baş verib. Yerli sakin Kleman otelin qarşısında Rihannaya yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Lakin ingilis dilini zəif bildiyi üçün “Mənim şəklimi çəkərsiniz?” ifadəsini işlədib.
Müğənni bunu sözün həqiqi mənasında anlayaraq gəncin telefonunu götürüb və onu tək çəkməyə hazırlaşıb.
“Sənə əla şəkil çəkəcəyəm. Necə poza vermək istəyirsən?” – deyə Rihanna zarafatla soruşub.
Kleman isə əl işarəsi ilə müğənninin də kadrda olmasını istədiyini göstərib. Bundan sonra Rihanna səhvini anlayaraq gülməyə başlayıb və onlar birlikdə xatirə şəkli çəkdiriblər.
Hadisəni Rihannanın həyat yoldaşı, amerikalı reper A$AP Rocky kənardan lentə alıb. O, zarafatla pərəstişkara “Dostum, komplimentlərdə bir az ehtiyatlı ol!” deyərək gülümsəyib.
Qeyd edək ki, hadisə may ayında Kann Film Festivalı zamanı baş versə də, video yalnız indi sosial şəbəkələrdə viral populyarlıq qazanıb.
Bizim.Media