Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun “Moskva-Siti”də yerləşən mənzilini bir qutu duzlu peçenye (kraker) müqabilində satdığı iddia olunur.
Bizim.Media xəbər verir ki, sənədlərdə mənzilin dəyəri 68 milyon rubl göstərilib, lakin bank hücrəsinə pul əvəzinə bir qutu peçenye qoyulub.
Bu barədə əvvəlcə Mash yazıb, daha sonra məlumat başqa nəşrlər tərəfindən də tirajlanıb.
İddialara görə, bu sxem blogerin öz əmlakını Federal Vergi Xidmətindən gizlətmək və mümkün həbsdən qorumaq üçün qurulub.
Məhkəmədə ifadə verən şahidin sözlərinə görə, planı Hüseyn Həsənovun özü təklif edib.
Bildirilir ki, o, dövlət qarşısında borcunun olmadığını deyib və mənzilin istintaqın diqqətini çəkməyəcəyini iddia edib. Sənədlərdə satış məbləği 68 milyon rubl göstərilsə də, faktiki “ödəniş” peçenye ilə həyata keçirilib.
Rusiya mediasının məlumatına əsasən, Hüseyn Həsənov fərdi sahibkar kimi 170 milyon rubldan çox vergi ödəməməkdə ittiham olunur.
İstintaq hesab edir ki, həmin vəsaitin bir hissəsi müxtəlif maliyyə sxemləri və daşınmaz əmlak əməliyyatları vasitəsilə leqallaşdırılıb. Hazırda bloger qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. O isə özünü təqsirli saymır.
Bir vacib məqam budur ki, “peçenye ilə satış” epizodu hələlik əsasən məhkəmədə danışan şahidin ifadəsinə və Mash-ın yaydığı məlumata söykənir.
Yəni bu hissə media tərəfindən geniş yayılıb, açıq şəkildə dərc olunmuş rəsmi məhkəmə sənədində yoxdur.
Bizim.Media