Və ya büdcə müzakirələrinə sözardı...
2015-ci ilin dövlət büdcəsi də bax, beləcə, demək olar ki, olduğu kimi qəbul edildi. Hansı ki, 3 gün davam edən büdcə müzakirələrində 54 deputat çıxış edərək hökumət üzvlərindən konkret təkliflərin layihədə nəzərə alınmasını istəmişdilər. Ancaq nə olsun? Baş nazir Artur Rəsizdənin cəmi yarım iclas iştirak etdiyi büdcə müzakirələrindən keçən 10 gün ərzində də ciddi dəyişiklik olmadı.
Deputat İqbal Ağazadə hökumətə konkret suallar ünvanlamışdı: “168 manatla bir müəllim necə yaşasın, hörmətli hökumət üzvləri? Ali məktəblərdə saat hesabı dərsin bir saatının qiyməti 2 manatdır. 2 manata kim dərs deyər və onun dediyi dərsin keyfiyyət nə olar?”x9d Söhbət təhsildən, elmdən gedir, yəni bir millətin, bir dövlətin üzünü ağarda biləcək sahədən. Ancaq nə olsun, yenə də hökumət boş verdi bütün bunlara.
Ötən illərdə müəllimlərin maaşından o qədər danışıldı ki, axırda yaş senzi tətbiq elədilər, xeyli təcrübəli müəllim işsiz qoyuldu. Bu dəfə də təklif var ki, müəllimlər imtahana çəkilsin, bu sahənin adamları ələnsin, sonra “yaxşılarına yaxşı maaş”x9d verilsin. Görəsən, 151 min müəllimi normal maaşla təmin etmək çoxmu çətinmiş? Eləcə də səhiyyə işçilərini. Məgər hökumət üzvləri ölkə insanının diş çəkdirmək üçün də qonşu ölkələrə üz tutması faktının nə dərəcədə ciddi məsələ olduğunu bilmirmi? Səhiyyədəki acınacaqlı durumun bir səbəbi də tibb işçilərinin məvacibinin aşağı olmasıdır. Bu sahənin adamlarına stimul verilməlidir ki, xəstəyə can yandırsınlar. Dövlət qulluqçusu statusu vəd olaraq qaldı, maaşları bir həftənin yemək pulu...
Ölkənin 95 yaşlı ali məktəbinin, BDU-nun rektoru Abel Məhərrəmov təklif etmişdi ki, ali məktəblərdə işləyən 1200 elmlər doktorunun elmi işləri maliyyələşdirilsin, elmi dərəcəyə görə maaşlar artırılsın. Hökumət 2014-cü illə müqayisədə elm xərclərini cəmi 2,5 faiz artırıb 151,5 mln. manata çatdırdı. 2,5 faizlə nə elmi nailiyyət əldə etmək olar? İqtisadçı alim Qubad İbadoğlu araşdırmışdı ki, büdcədəki hər 100 manatdan 33 manatı tikintiyə, 70 qəpiyi isə elmə (!) xərclənəcək. Təsəvvür edin, 70 qəpik. Üstünə lap 2,5 faizi də gələk, nə dəyişir ki?
Üstəlik də neftin qiyməti sürətlə enir, elə bu yazını yazarkən qiymət 66,90 dollara düşmüşdü. Düzdür, vitse-spiker Valeh Ələsgərov “neft 1999-cu ildə 10, 2009-cu ildə 36 dollara düşdü, “ancaq dünya dağılmadı”x9d deyir. Ancaq dünya dağılmasa da, vətəndaş və dövlət bu itkiləri həyatında hiss edir, edəcək. Azərbaycan təkcə son günlərdə 2 milyard itirib. Bu milyardlara qeyri-neft sektorunu inkişaf etdirmək üçün xeyli işlər görmək olardı. Azərbaycan kəndlisinin əkməyə yetərli sayda traktoru, biçməyə kombaynı yoxdur. Bu pula müəllim-həkim ordusunun maaşını, pensiyaçıların, tələbələrin təqaüdünü ciddi şəkildə artırmaq olardı. Olmadı...
Hökumət gələn ilin risklərindən narahat deyildisə, nədən heç olmasa Siyavuş Novruzovun da təklifini nəzərə almadı? YAP-çı deputat haqlı olaraq demişdi ki, bu gün bank faizlərini ödəmək üçün ya insan, ya narkotik, ya da silah alverçisi olmaq lazımdır. Ancaq nə baş verdi? Ölkənin baş bankiri Elman Rüstəmov dedi ki, özəl bankların işinə qarışıb onların faizlərini məcburi qaydada aşağı salmaq düzgün olmaz. Necə olur, bu banklar vətəndaşları mələdir, onların dərisini soyur, ancaq...Təsəvvür edin, bu gün ölkənin 5 milyon vətəndaşı banklardan asılı qalıb, kredit ödəyir, özü də yüksək faizlə!
Beləcə 2015-ci ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinə 10 gün baxdılar, baxdılar və... Parlamentdəki siyasi partiyalara xərclənməyən 10 fazilik maliyyəni - 250 min manatı ayırdılar, QHT-lərin xərclərini daha 600 min manat artırdılar, Milli Məclisin xərclərini isə 450 min manat çoxaldıb 23 mln. 807 min manata çatdırdılar. Pul istəyən bələdiyyələrə isə hökumət vətəndaşın evini nişan verdi: “get, evi ölç, Bakıda hər kv.m. sahəyə görə 40, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə 30, digər rayonlarda 20 qəp, kəndlərdə isə 10 qəpik ödəniş al, yaşa”x9d deyə. Hesablayıblar ki, bələdiyyə vətəndaşın evinə girməklə 40 milyon manat əlavə gəlir əldə edə bilər. Bu da nəticə: deputatların təklifləri havaya uçdu, amma nə olsun, 93 nəfər lehinəsəs verdi, cəmi 3 nəfər isə əleyhinə çıxdı.
Beləcə gələn il də uşaq doğan analara Rusiyadakı kimi mənzil yox, cəmi 90 manat, 3 yaşına qədər körpələrə 15 manat verəcəklər. Yenə də gənclər kirayə mənzil axtaracaq, hansı ki, mənzil tikintisi üçün vəsait ayırıb aşağı faizlərlə, elə Türkiyədəki kimi vətəndaşa uzunmüddətli evlər kreditə verilə bilərdi. Evsizlik isə ailələrin dağılması, fəlakət, stress, cinayət deməkdir. Bu gün ölkədə ipotekaya 6 milyard dollar tələbat var. Hökumət isə ipoteka üçün cəmi 50 milyon AZN ayırdı. Yəni bu pula gələn il cəmi min nəfər mənzil ala bilər. Hansı ki, Aydın Mirzəzadə demişkən, təkcə Mingəçevirdə bu gün 10 min ailə (!) ipoteka almağa çalışır.
Xocalıda valideynlərini itirmiş 25 gəncin yarıdan çoxu hələ də evsizdirsə, sadəcə ayıbdır. Bu gənclərin həyatına, taleyinə düşmən elə bir zərbə vurub ki, onları əl üstə saxlamalıyıq, genofondumuzu yaşatmaq üçün.
Hökumətin büdcəni təsdiqlətdiyi saatlarda parlament qarşına Qarabağ qaziləri və şəhid ailələri toplaşmışdı. On illərdən bəri qanunla onlara çatası 11 min manatlıq “qanpulu”x9dnu ala bilmədiklərinə görə! Bu, çox pis bir haldır, ayıbdır. Mən bir ayağını Qarabağda itirmiş qazi qardaşımız Məmmədhədən Həsənovu, şəhid ailələrini orda görəndə çox utandım. Çünki parlamentin zalında o anda hökumət milyardların təyinatından danışırdı. Orda şəhid və əlil ailələrinin sığortası - “qanpulu”x9d nəzərdə tutulmamışdı. Onlar bizim üçün, elə həm də büdcəni formalaşdıran hökumət üzvləri üçün qanlarından keçiblər, bunu unutmaq olmaz!
Büdcənin təsdiqləndiyi gün Lökbatan qəsəbəsində 3 uşaq anası, 30 yaşlı qadın borca görə intihar etdi. Məhz eyni gündə baş verdi bu hadisələr, təsadüf yoxsa...Görəsən, 3 uşaq anasının qanpulusunu kim verəcək?! Verəcəklərmi? O anasız körpələrin sonrakı taleyi necə olacaq..?