Türk gəncin azərbaycanlı sevgilisi cinayətkarlara dəstək olmaqda günahlandırılır.
Dünən Alanya şəhər məhkəməsi (Antalya əyaləti, Türkiyə) qan davası səbəbindən 1 nəfərin qətlə yetirilməsi, daha bir nəfərin yaralanması ilə nəticələnmiş cinayəti törətməkdə ittiham olunan türkiyəli Murat Barut və onun Azərbaycan əsilli Gürcüstan vətəndaşı olan sevgilisi Ramilə Babayevaya hökm oxuyub.
Türkiyə mətbuatına istinadən məlumata görə, məhkəmənin qərarına əsasən, Murat Barut 37 il, Ramilə Babayeva isə 24 il 4 ay müddətində azadlıqdan məhrum ediliblər.
Bildirilir ki, 22 yaşlı Murat Barut və onun 26 yaşlı qardaşı Mehmet Şah Barut tanışları 23 yaşlı Deniz Çelik və 24 yaşlı Ercan Çeliki atalarını öldürərək, onun əmlakını ələ keçirməkdə günahkar biliblər.
Çeliklərin Alanyada olduğunu öyrənən qardaşlardan Mehmet Şah Barut Azərbaycan əsilli Gürcüstan vətəndaşı olan sevgilisi, 30 yaşlı Ramilə Babayevadan kömək istəyib və ondan sosial şəbəkə vasitəsilə Ercan Çeliklə tanış olmağı, onu görüşə dəvət etməyi xahiş edib.
Bildirilir ki, 2012-ci il dekabrın 1-də Alanyanın Cümhuriyyət məhəlləsi küçəsində Murat Barut və Mehmet Şah Barut Ramilə Babayevanın köməyi ilə Ercan və Deniz Çelikin qarşısını kəsiblər. Bu zaman Barut qardaşları Çelik qardaşlarının üzərinə bıçaqla hücum ediblər. Münaqişədə Ercan Çelik qətlə yetirilib, Deniz Çelik isə ağır yaralanıb. Hadisədən sonra qaçan Murat Barut, Mehmet Şah Barut və Ramilə Babayeva İstanbulda, cinayətkarla yardım etdiyi iddia olunan Rəmzi T. isə Diyarbəkirdə saxlanılıb
Şübhəli şəxslər saxlanıldıqdan sonra istintaq təcridxanasına göndəriliblər. 20 oktyabr 2014-cü ildə Alayna 2-ci Ağır Cinayət Məhkəməsində keçirilən məhkəmə iclasında Murat Barut qəsdən adam öldürmək maddəsi ilə 37 il, Ramilə Babayeva isə cinayətkara yardım etdiyi üçün 24 il 4 ay həbs cəzası alıb.
Məhkəmə Mehmet Şah Barut və Remiz T.-yə bəraət qazandıraraq, azadlığa buraxıb.(oxu.az)