Mövlan Mövliyevin 26 yaşı olanda xalası qızı ilə nişanlanıb.
Xalasının ailəsi Rusiyada yaşadığından Mövlan onların kənddə olan evlərində gecələyib.
Mövlanın xalası ilə dayısı hasar qonşusu olub.
Mövlanın dayısı ilə dayısı oğlu qışlaqdan qayıtdığı üçün yeyib-içmək məclisi təşkil ediblər. Məclisdə o da iştirak edib.
Gecənin bir aləmi Mövlanın dayısı qızı qışqıra-qışqıra valideynləri yaşayan otağa daxil olaraq Mövlan tərəfindən zorlandığını bildirib. Bacısı oğlunu tutan dayı sonra polisə zəng edib.
Dindirmələr zamanı tərəflər ziddiyyətli ifadələr veriblər. Mövlan xalası qızı ilə evləndiyi üçün dayısıgil tərəfdən şərləndiyini, qız isə bibisi oğlu tərəfindən zorlandığını bildirib.
Tərəflərin ifadələri:
Təqsirləndirilən şəxs qismində ifadə verən Mövlan Mövliyev elan edilmiş ittiham üzrə özümü təqsirli bilməyib. O, bütün bunların ona qarşı böhtan olduğunu deyib:
“Valideynlərim ilə birlikdə dayımgilə qonaqlığa getdim. Evə keçib, yemək yeyib spirtli içki qəbul etdik. Bir qədər sonra siqaret çəkmək üçün həyətə çıxdım. Gördüm ki, dayım qızı G.E mobil telefonla kiminləsə danışır”.
“Bir qədər sonra G.E mənə sözü olduğunu dedi. Buna görə də məndən mobil telefon nömrəmi istədi. Öz mobil telefonumu ona verdim ki, nömrəsini telefona yazsın. Nömrəni yazandan sonra telefonumu geri qaytardı. Sonra G.E məni qucaqlayaraq “səni istəyirəm, nişanını qaytar, məni al” dedi.
Ona nişanlı olduğumu və bu səbəbdən də onu ala bilməyəcəyimi söylədim. Həmin vaxt valideynlərim, iki dayım otaqdan çölə çıxdılar. Onlar da G.E -nin məni qucaqlamasını gördülər, anası dedi ki, qardaşıdı da qucaqlayıb”.
“G.E -nin başqa oğlanla görüşdüyündən şübhələnmişdim. Bir neçə dəfə onu başqa oğlanla tutmuşdum. Onun atasına, qardaşına demişdim ki, qızınız belə hərəkətlər edir. G.E başqa oğlanla telefonda danışanda eşitmişəm, oğlana deyib ki, axşam gələrsən, söhbət edərik.
Ona görə də onu güdmək qərarına gəldim. Bir qədər güdəndən sonra gördüm ki, mənim orada olmağımı qız hiss edib. Daha sonra G.E əli qanlı qışqırmağa başladı ki, Mövlan məni zorlayıb”
“Məni qızın valideyinləri evin birinci mərtəbəsinə apardılar. Sonra mənim valideyinlərimi çağırdılar və onlara bildirdilər ki, oğlunuz bizim qızımızı zorlayıb. Mən də həmin vaxt atama belə bir hadisənin olmadığını bildirdim. Dedim ki, əlim belə dayım qızına dəyməyib”.
Təqsirləndirilən şəxs bildirib ki, xalası qızı ilə nişanlanandan sonra dayısıgil ona qarşı böhtan atmağa başlayıblar.
Zərərçəkmiş G.E ifadəsində bildirib ki, qonaqlıq zamanı Mövlan bayıra çıxdı və məndən atasının yanında olan mobil telefonunu gətirməyi xahiş etdi. Təxminən beş dəqiqədən sonra o, yenidən məni çölə çağıraraq pilləkəndə yanında oturmağımı xahiş etdi.
Mövlanın yanında oturdum. Mövlan qolunu boynuma salaraq məndən mobil telefonumun nömrəsini istədi. Mövlandan nömrəmi nə üçün istədiyini soruşdum. Bildirdi ki, “dayım qızı deyilsən, nömrəni mənə ver, sənə vacib sözüm var”.
“Ona sözün varsa, indi deməyini istədim. O, uzun məsələdir, telefonda deyəcəyəm deyərək nömrəmi istədi. Buna görə də nömrəmi ona verdim”.
Təqribən gecə saat 01.00 radələrində evdə televizorun yanına qoyduğum mobil telefonu götürüb baxanda telefona tanımadığım nömrədən iyirmi qəbul edilməmiş zəng, beş-altı “SMS” gəldiyini gördüm. “SMS”lərdə baxanda gördüm ki, “mənəm Mövlan, telefonu aç da”, “Sən mənə inanmırsan, telefonu aç. Bu qədər zəng edirəm, telefonu aç” mesajları olub.
O bildirdi ki, məni görmək istəyir, vacib sözü var. Ona dedim ki, vacib sözünü telefonda de, Mövlan isə “telefon söhbəti deyil, ölüm-dirim məsələsidir” dedi”.
“Mövlanla danışandan sonra yatağıma girdim. Təxminən on dəqiqə sonra yuxuya getdim. Birdən otağın qapısı açıldı. Yuxulu olduğum üçün əvvəlcə heç nə başa düşmədim. Otağın işığı yanıb-sönəndə içəri girənin Mövlan olduğunu gördüm. Mövlan üstümə gələ-gələ əynindəki gödəkcəni çıxardı və uzandığım vəziyyətdə üstümə cumdu”. “Mövlan dedi ki, ikimizin də meyiti buradan çıxacaq”.
Zərərçəkmiş ifadəsinin bu hissəsində Mövlan tərəfindən zorlandığını açıq və detalları ilə danışıb.
Mövlan cinsi əlaqədə olandan sonra mənə deyib ki, birlikdə ailə quracağıq. Bu barədə heç kəsə heç nə deməyəcəyim barədə and içdirdi. Bundan sonra əlimi buraxdı. Bu zaman valideynlərim olan otağa qaçdım.
Məhkəmə Mövlan Mövliyevi Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.