Hamımıza Azərbaycanda “dar gün” üçün pul saxlamaq ənənəsinin olduğu məlumdur. Xüsusilə, yaşlı insanlar vəfat edəcəkləri halda kimisə maddi cəhətdən əziyyətə salmamaq üçün təqaüdlərini qənaətlə xərcləyərək pul yığırlar. Çünki dəfn xərcləri üçün müəyyən məbləğ lazım olur. Bunun da bir qismini dövlət qarşılayır. Belə ki, Azərbaycanda vəfat edənlərin yaxınlarına, konkret olaraq şəxsin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkmiş şəxslərə dəfn üçün müvainət verilir. Qanunvericiliyə görə, dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət və işsizlikdən sığorta ödənişi alan şəxslər vəfat etdikdə verilir.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslərə dəfn pulu verilmir
Sığortaolunanlara ödənilən dəfn üçün müavinətin məbləği 600 manat, əmək pensiyaçılarına isə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında, yəni 960 manat müəyyən olunub. Əlavə olaraq Əmək Məcəlləsinə uyğun olaraq, sığortaolunanın vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.
Lakin işsiz və ya rəsmi iş yeri olmayanlar, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxslər vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni vəfat edən şəxs işsizdirsə, onun dəfn xərclərini üzərinə götürən yaxınına buna görə dövlət tərəfindən heç bir məbləğdə müavinət ödənilmir. Bu dəfələrlə müzakirə olunsa da hələ də müavinətin təyininə nail olunmayıb.
Mövzuya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa münasibət bildirib.
Deputat Bizim.Media-ya açıqlamasında deyib ki, dəfn pulu bütün şəxslərə verilməlidir:
“Bu formada vətəndaşları ayırmaq olmaz. Çünki vəfat edən insanın ölkədə müəyyən qədər vətəndaş kimi haqqı var. Ölüm pulunun başqalarına heablanmaması, bir yük olmaması üçün verilməlidir. Mən bunun tərəfdarıyam. Ümumiyyətlə, dəfn pulunun verilməsinin və bu barədə vətəndaşlara dövlət qayğısının vacib olduğunu düşünürəm”.
Günay Şahmar, Bizim.Media