Son vaxtlar uğursuz çıxışı ilə yadda qalan “gənclik şəhəri” təmsilçisi “Sumqayıt”da baş məşqçi ilə futbolçular arasında münasibətlərin pozulduğu barədə məlumatlar dolaşır.
Belə ki, serbiyalı çalışdırıcı Saşa İliç artıq bəzi futbolçularla yola getmir. Uğursuzluqların səbəbini onlarda görən mütəxəssisin həmin oyunçularla münasibətlərinin tam olaraq pozulduğu iddia olunur.
İddialara görə, ən böyük problem Danilo Beskorovaynıyla bağlıdır.
Hətta son məşqlərin birində legioner oyunçunun çalışdırıcı ilə əlbəyaxa olduğu xəbərləri də yayılıb.
Qarşılıqlı ittihamlardan sonra tərəflər sakitləşdirilib. Bunun nəticəsidir ki, Beskorovaynıy son turun “Neftçi” ilə oyununda meydana buraxılmayıb. O, sonadək oyunu ehtyatda izləyib.
Məsələ ilə bağlı “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq.
Klub rəsmisi Bizim.Media-ya açıqlamasında baş məşqçi ilə futbolçular arasında heç bir gərginliyin olmadığını söyləyib:
“Bu tamamilə əsasız bir xəbərdir. Saşa İliçın hansısa bir futbolçu ilə nəinki əlbəyaxa, hətta xırda bir münaqişəsi ola bilməz. Əksinə o, bütün futbolçularla yaxşı münasibətdədir. Onlarla yaxşı yola gedir, hətta zarafatlar edir. Düşərgəmizdə hər şey qaydasında gedir. Ona görə də, belə münaqişələrin olması demək olar ki, mümkün deyil”.
Rəşad Rafiqoğlu, Bizim.Media