“Qələbənin böyüyü-kiçiyi olmur. Əsas məsələ sentyabrda keçiriləcək Millətlər Liqası turnirinə yaxşı hazırlaşmaqdır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında yığmamızın keçmiş məşqçisi Arif əsədov deyib.
Onun sözlərinə görə Ayxan Abbasovun gəlişindən sonra yığmamızda inkişaf hiss olunur:
“İlk növbədə yığmamızı qələbə münasibəti ilə təbrik edirəm. Futbolçularımız hər iki qarşılaşmada əzmkar oyun nümayiş etdirdilər. Fernandu Santuşun dövründə millimiz tarixinin ən zəif dövrlərindən birini keçirmiş və futbolçularda ciddi ruh düşkünlüyü yaranmışdı. İlk növbədə bu problemi aradan qaldırmaq lazım idi.
Yeni baş məşqçi Ayxan Abbasov futbolçuların özünəinam hissini bərpa edib. Qarşıda bizi Millətlər Liqasının oyunları gözləyir. Burada əsas məqsəd C Liqasından B liqasına vəsiqə qazanmaqdır. Hesab edirəm ki, son qələbələr qarşıdakı oyunlar üçün ciddi stimul olacaq. Təbii ki, çatışmazlıqlar da var, bu olacaq da. Son qələbələr isə bizə bir qədər ümid verdi”.
Xatırladaq ki, milli komandamız Bakıda keçirilən “FİFA Series” turnirinin qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media