Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Qəbələ”-“Sabah" (0:1) matçında hakim qərarları geniş müzakirələrə səbəb olub. Hətta “Qəbələ" klubu Azərbaycan Premyer Liqasında keçirdiyi oyunlardakı hakim qərarları ilə bağlı bəyanat yayıb. Bölgə təmsilçisi hakimlərin qərarlarından narazılığını ifadə edib.
Matçla bağlı narazılıq doğuran qərar isə baş hakim Rauf Cabbarovun “Qəbələ”nin 87-ci dəqiqədə vurduğu qolu saymaması olub.
Bu oyundan sonra hakimlərin hansı hallarda futbol referiliyinin əlindən alınması ilə bağlı məsələni gündəmə gətirib.
Məsələ ilə bağlı beynəlxalq dərəcəli hakim, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, hakimin hansısa komandaya qarşı qərarlarında qərəz olduqda o uzaqlaşdırıla bilər:
“Hakimin hansısa komandaya qarşı qərarlarında qərəz olduqda, bilərəkdən komdanın məğlubiyyətinə səbəb olduqda hakimlikdən uzaqlaşdırıla bilər. Amma bu cür səhvlər olub, olacaq. Hakim də insandır, o da səhv edə bilər. Yaxşı hakim bir ilə yetişmir, buna illər lazımdır”.
O, sözügedən matçla bağlı da fikirlərini bölüşüb:
“Oyuna gəlincə, hakimlik normal idi. Əslində, son vaxtlar dəb halını alıb, bir mübahisəli epizod olan kimi Türkiyənin keçmiş FİFA hakimlərinə müraciət edirlər. Guya, onlar hamıdan yaxşı bilirlər. Türkiyənin futbolunda hakimlik bərbad gündədir. Bu oyunda isə bir neçə məsələ var. Top “Sabah”ın oyunçusunun əlinə təbii vəziyyətdə olduğu halda dəyir, orada penalti vermək düzgün deyil. Əgər qaydalara görə top futbolçunun əlinə dəyirsə, vurulan qol da sayıla bilməz.
Məsələ burasındadır ki, top “Qəbələ”nin futbolçusunun əlinə dəymir, oyunçunun arxadakı müdafiəçinin əlinə dəyir. Bunu böyüdüb baxa bilmirlər? Başqa oyunlarda da kobud səhvlər olur. “Araz-Naxçıvan”-“Sumqayıt” matçında hesab 0:0 olarkən “Sumqayıt”ın penaltisi verilmədi, amma “Araz Naxçıvan”ın xeyrinə penalti verildi və “Sumqayıt” uduzdu. Nədənsə bundan danışmırlar. Yəni, açığı, son vaxtlar hakimlikdə eniş hiss olunur”.
Naibə Məmmədova, Bizim.Media