Braziliya futbolunun tanınmış simalarından olan Aleşandre Pato karyerasında yeni səhifə açmağa hazırlaşır. "Milan"ın sabiq hücumçusu İngiltərə klubunun səhmdarlarından biri olmağa yaxındır.
Bizim.Media xəbər verir ki, BBC-nin məlumatına görə, 36 yaşlı sabiq futbolçu İngiltərənin aşağı liqa təmsilçisi "Kolçester Yunayted"i almaq istəyən investorlar qrupunda yer alıb.
Məlumata görə, Patonun ötən həftəsonu İngiltərədə olması bu istiqamətdə yayılan xəbərləri təsdiqləyib.
Belə ki, braziliyalı ulduz Liqa 2 təmsilçisinin ev oyununu klubun hazırkı sahibi Robbi Koulinqlə birlikdə tribunadan izləyib. Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir və hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, "Kolçester"in satışı ilə bağlı daha əvvəl ABŞ-ın "Lightwell Sports Group" şirkəti ilə danışıqlar aparılsa da, iyun ayında proses uğursuzluqla nəticələnmişdi.
Qeyd edək ki, karyerasını 2024-cü ilin əvvəlində "San-Paulu"da bitirən Pato Braziliya millisində 27 oyuna 10 qol vurub. O, 2012-ci il London Olimpiadasında gümüş medal qazanıb.
Maraqlıdır ki, Pato İngiltərə futboluna yad sima deyil. O, 2016-cı ildə qısa müddət icarə əsasında "Çelsi"nin formasını geyinib.
Bizim.Media