Türkiyədə teatr tamaşalarından biri zamanı səhnədə həm aktyorları, həm də izləyiciləri heyrətə gətirən və eyni zamanda duyğulandıran maraqlı hadisə baş verib. Uilyam Şekspirin məşhur "Romeo və Culyetta" faciəsinin nümayişi zamanı qəfildən səhnəyə bir küçə pişiyi daxil olub.
Bizim.Media xəbər verir ki, tamaşanın ssenarisinə uyğun olaraq, Romeonun yerdə hərəkətsiz uzandığı ("öldüyü") səhnədə pişik aktyora yaxınlaşıb.
Yerdə uzanan şəxsin həqiqətən yardıma ehtiyacı olduğunu düşünən sevimli heyvan onu "diriltmək" üçün bədəninə sürtünməyə, üzünü sığallamağa və patıları ilə ona toxunmağa başlayıb.
Aktyor rolunu pozmamaq üçün hərəkətsiz qalsa da, pişiyin bu canfəşanlığı səhnədəki digər aktrisanın və izləyicilərin böyük marağına səbəb olub.
Daha sonra "Culyetta"nın səhnəyə daxil olub Romeonun üzərinə qapanması ilə pişik bir qədər geri çəkilərək hadisələrin gedişatını kənardan izləməyə davam edib. Sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və minlərlə şərh toplayıb.
Bizim.Media