Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının Ali Məclisinin sədri
Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir.
-Teyyub bəy, mayın 29-da Astanada Rusiya, Qazaxstan və Belarus
prezidentləri Avrasiya İqtisadi İttifaqının təsis olunmasına dair saziş imzaladılar.
Sizcə bu sazişi SSRİ-nin pərpası prosesinin
başlanğıcı hesab etmək olarmı?
-Əvvəlcə Avrasiya İqtisadi İttifaqının yaradılması
ideyasının meydana gəlməsinin səbəbinə toxunmaq lazımdır. Aydındır ki, bu
İtifaqın yaradılması ideyasının meydana gəlməsinin başlıca səbəbi MDB-nin fəaliyyətinin
Rusiyanın imperiya siyasətinə uyğun gəlməməsi, MDB-nin Rusiyanın istədiyi
funksiyanı yerinə yetirməməsi ilə bağlıdır. Rusiya çoxdandır keçmiş SSRİ-nin ərazisində
ona bənzər bir qrumun yaradılmasına çalışırdı. Ancaq elə Rusiyanın özünün
yeritdiyi imperiya siyasəti, “böyük qardaş” funksiyasından imtina etmək istəməməsi,
nəhayət onun özünün keçmiş ittifaq respublikalarına, xüsusilə də Azərbaycana,
Gürcüstana, Moldaviyaya və nəhayət Ukraynaya qarşı həyata keçirdiyi, yumşaq desək,
xoşagəlməz siyasət, onların ərazilərinin işğalı, Pribaltika respublikalarının
NATO-ya üzvlüyü SSRİ-nin əvvəlki sərhədlər çərçivəsində bərpasını mümkünsüz
etmişdir. Avrasiya İqtisadi İttifaqının bir iqtisadi qrum kimi yaradılmasının məqsədəuyğunluğu
barədə Qazaxstan prezidenti N. Nazarbayevin fikirlərini də unutmaq olmaz.
Bildiyiniz kimi, məhz N.Nazarbayevin təkidi ilə Rusiyanın təklif etdiyi “Avrasiya
İttifaqı” nın adına “İqtisadi” sözü əlavə edilmiş və bu qrumun siyasi xarakter
daşımadığı fikri irəli sürülmüşdür. İmzalanan saziş
Avrasiya İqtisadi İttifaqını təsis edən 3
dövlətin ərazisində kapital, əmtəə, xidmət və işçi qüvvəsinin sərbəst hərəkətini
nəzərdə tutur. Bu sazişdə vahid valyuta,
vətəndaşlıq məsələləri, ortaq xarici siyasətin həyata keçiriləcəyi kimi İttifaq
dövlətinə xas olan müddəalar öz əksini
tapmayıb. Nəzərə almaq lazımdır ki, Avrasiya İqtisadi İttifaqına qoşulan tərflərin
hərəsinin öz maraqları vardır: Rusiya müxtəlif şirnikləndirici təkliflər irəli
sürmək, təhdid və şantaj yolu ilə keçmiş müttəfiq respublikaları öz təsir dairəsində
saxlamağa cəhd etdiyi halda, təbii sərvətləri məhdud, zəif inkişaf etmiş sənayeyə
malik olan Belarus Rusiyanın uçuz enerji
mənbələrinə və Rusiya bazarına maneəsiz çıxış imkanə əldə etməyə, Qazaxstan isə
özünü Rusiyanın təhriki ilə etnik münaqişələrdən qorumağa, süverenliyini daha
da möhkəmləndirmək üçün vaxt qazanmağa çalışır. Nə Belarus, nə də Qazaxctan öz
süvürenliyindən, siyasi müstəqilliyindən əl çəkmək fikrində deyil. Ona görə də,
hesab edirəm ki, Rusiyanın istəyindən asılı olmayaraq 3 dövlətin iştirakı ilə Avrasiya
İqtisadi İttifaqının yaradılmasını
SSRİ-nin bərpası istiqamətində
atılımış addım kimi dəyərləndirmək yanlış olardı. Bu İttifaqa sonradan bəzi
keçmiş SSRİ respublikalarının qoşulması da onun iqtisadi mahiyyətini dəyişməyəcək.
Fikrimcə bu İttifaqa bundan sonra yalnız Ermənistan,
Qırğızstan və ola bilsin Tacikstan qoşula bilər. Digər keçmiş müttəfiq
respublikaların Avrasiya İqtisadi İttifaqına qoşulması ağlabatan görünmür.
-Teyyub bəy,
gözlənildiyinin əksinə olaraq mayın 29-da Ermənistanın Avrasiya İqtisadi
İttifaqına qəbulu baş tutmadı və təxirə salındı. Sizcə Ermənistan bu İttifaqa qəbul
olunacaqmı və bu baş verərsə Azərbaycanın münasibəti necə olacaq?
-Əvvəla onu deyim ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbuluna
Azərbaycanın münasibəti president İlham Əliyevin Avrasiya İttifaqını təsis edən
ölkələrin prezidentlərinə göndərdiyi məktubda öz əksini tapıb. İ.Əliyev öz məktubunda
qeyd edib ki, Ermənistan bu İttifaqa ancaq indiki sərhədləri çərçivəsində daxil
ola bilər. Təsisçi dövlət başçılarının, xüsusilə də, N.Nazarbayevin İ.Əliyevin göndərdiyi məktubda əks olunan mövqeni dəstəkləməsi
Azərbaycanın mövqeyinin möhkəmləndiyinin,
Ermənistanın isə oyuncaq bir dövlət olduğunun sübutu kimi dəyərləndirilə bilər.
Ermənistanın Avrasiya İqtisadi
İttifaqına qəbulunun təxirə salınması həm də, Azərbaycanın Ermənistanın harada olmasını müəyyən
edəcək qədər güçləndiyi anlamına gəlir. Ermənistan çıxılmaz vəziyyətə düşüb - nə
indiki sərhədlər çərçivəsində Avrasiya İqtisadi İttifaqına qəbul oluna bilir, nə
də irəli sürülən şərtlər daxilində bu
İttifaqa qoşulmaq istəyir. Hər iki halda Ermənistanda siyasi proseslərin gərginləşəcəyi
qaçılmazdır. Ancaq, fikrimcə, Ermənistan bir dövlət kimi müstəqil qərar qəbul
etmək imkanını çoxdan itirib və indiki sərhədlər daxilində Avrasiya İqtisadi
İttifaqına daxil olmağa məhkumdur. Bunun üçün lazım gələrsə Rusiya Ermənistanda
hakimiyyət dəyişikliyini də həyata keçirəcək.
-Sizcə Azərbaycan nə vaxtsa Avrasiya İqtisadi İttifaqına qoşula bilərmi?
-Hal-hazırda Azərbaycanın
Avrasiya İqtisadi İttifaqına qoşulmaq
planı yoxdur və ümid edək ki, Azərbaycan buna ehtiyac duymayacaq. Ancaq son iki
yüz ildə Rusiyanın Azərbaycanın taleyində oynadığı rolu da unutmaq olmaz.
Rusiyanın Azərbaycana, onun süverenliyinə isti olmayan münasibəti bəllidir və
yaxın gələcəkdə müsbətə doğru dəyişəcəyi
də gözlənilmir. Rusiyanın Azərbaycana qarşı münasibətinin kəskinləşəcəyi
halda ABŞ-nın və Qərb ölkələrinin Azərbaycanın
süverenliyini dəstəkləyəcəyi inandırıcı görünmür. Biz Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzünə ABŞ-nın və Qərb ölkələrinin münasibətinin şahidi
olduq. Düzdür, ABŞ-nın və Qərb ölkələrinin bəzi rəsmiləri dəfələrlə Azərbaycanın
süvürenliyini dəstəliklərini və bunun qarantı olduqlarını dilə gətirmişlər. Biz
onların Azərbaycanın enerji layihələrinə
dəstəyini və bununla da dövlətimizin süverenliyinin möhkəmlənməsinə yardımçı
olduqlarını unutmamışıq. Amma eyni zamanda bunu Azərbaycanın mənafelərindən
daha çox öz manefelərinə görə etdiklərinə də əminik. Və əminik ki, Rusiya Azərbaycana
qarşı hər hansə xoşagəlməz hərəkət edərsə, nə ABŞ, nə də digər Qərb ölkələri
bizə görə Rusiya ilə münasibətləri korlamayacaqlar. Ona görə də, biz BAXCP
olaraq hesab edirik ki, Rusiyanın Dağlığ Qarabağ probleminin sülh yolu ilə Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həll edilməsinə yardımçı olacağı və ölkəmizin ərazi
bütövlüyünə təminat verəcəyi təqdirdə Azərbaycan özünün süverenliyinə təhdid
etməyən müəyyən şərtlər daxilində Avrasiya
İqtisadi İttifaqına qoşula bilər. Ancaq
eyni zamanda hesab edirik ki, Dağlıq Qarabağ probleminin başqa dövlətlərin
müdaxiləsi olmadan ölkəmizin ərazi bütövlüyü çərçivəsində hərb yolu ilə həll
edilməsi üçün Azərbaycanın kifayət qədər potensial imkanları vardır. Bu
imkanların reallaşdırılması isə ölkəmizin hərb siyasətindən və daim dəyişən
dünyada baş verəcək hadisələrdən vaxtında yaralanmaq bacarığından asılı
olacaqdır. Bu halda Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün
heç bir səbəb olmayacaqdır.