Dünən Binəqədi rayon Məhkəməsində ötən ilin 2 mayında “Nəriman Nərimanov” metrostansiyasının çıxışında qətlə yetirilən Azərbaycan əslli alman vətəndaşı Vüsal Şilderin qətlindən 20 gün öncə maşınına narkotik ataraq polis bölməsinə aparıb ANS telekanalında çəkilişini təmin etməklə ləkələmək istəyən dəstənin məhkəmə prosesi davam etdirildi.
Vüsalın atası Adolf Şilder məhkəmədə çıxış edərək
təqsirləndirilən şəxslər barədə mətbuatda ifşaedici materiallar getməməsindən və
jurnalistlərin prosesdə iştirak etməməsindən gileyləndi.
Moderator.az onun çıxışını təqdim edir:
“Möhtərəm hakim!
Bu məhkəmə prosesinin gedişatı həddindən artıq
uzansa da hələ də mənə aydın olmayan məqamlar və bir çox suallarım cavabsız
qaldı. Oğlum Vüsal Şilderin qətlə yetirilməsindən 20 gün əvvəl, ötən ilin 11
aprelində təşkil olunmuş avtoqəza, televiziya çəkilişi, polis bölməsində
narkotik tələsi və başqa hallardan məni qane edəcək məhkəmə istintaqı
aparılmadı. Mən hələ də tanışlarım və dostlarım arasında, qohum-əqrəba içərisində,
getdiyim idman zalında müəmmalı suallarla rastlaşırsam və bu məni çox narahat
edir. Həmçinin rəhmətlik oğluma yapışdırlmaq istənilən ləkə üçün bu gün də əzab
çəkirik.
Mən
möhtərəm hakimdən bir daha xahiş edirəm. Bildiyim qədər bu açıq məhkəmə
prosesidir. Burada jurnalistlər və reportyorlar iştirak edə bilər. Niyə buna icazə
vermirsiniz?Bir zamanlar günahsız durumda olan Vüsalı ictimaiyyətin gözü
qarşısında ləkələmək istəyən şəxslər niyə bu gün təqsirləndirilən və günahları
sübuta yetirilən şəxsləri cəmiyyətdən gizlədib qoruyurlar?
Mən
onların dördünün də adlarının, əməllərinin televiziyada və mətbuatda
işıqlandırılmasını xahiş edirəm. Qoy Vüsalın
və mənim Azərbaycandakı tanıdığımız insanlar görsünlər ki, bu cinayətkarlar
tərəfindən övladıma qarşı hansı mənəviyyatsız hərəkət edilib və gənc bir insanı
ləkələmək üçün sifarişçilər və icraçılar hansı cinayətlərə əl atıblar.”