Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Şimali İrlandiyaya qalib gəldi. Bu oyundan əvvəl məlumat verilmişdi ki, AFFA prezidenti Rövnəq Abdullayev qələbə qazanacaqları təqdirdə futbolçuların hər birinə fantastik məbləğdə - 100 min dollar mükafat vəd edib.
Bu məlumatı rusiyalı jurnalistlər də təsdiqlədilər. Belə ki, “Rossiya-2” telekanalının əməkdaşları Rövnəq Abdullayevin futbolçulara 100 min dollar mükafat verdiyini təsdiq etməklə yanaşı AFFA prezidentinin Rusiya ilə oyun üçün ayırdığı mükafatın da məbləğindən danışıblar.
Rusiyalı həmkarlarımız bildiriblər ki, Rövnəq Abdullayev oktyabrın 15-də keçiriləcək qarşılaşma üçün daha böyük məbləğ - 127 min dollar mükafat ayırıb.
Virtualaz.org bu yöndə apardığı araşdırmalar nəticəsində rusiyalı həmkarlarımızın azacıq yanlışlığa yol verdiyini öyrənib. AFFA-dakı mənbəmizin verdiyi məlumata görə, Abdullayev Rusiya ilə oyunda qalib gələcəkləri təqdirdə hər bir futbolçuya 120 min dollar vəd edib.
Xatırladaq ki, Azərbaycan-Rusiya qarşılaşması oktyabrın 15-də keçiriləcək. Dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə etmək üçün Rusiyaya bu oyunda 1 xal da bəs edir.