VİP sədri Əli Əliyev Moderator.az-a açıqlamasında prezident İlham Əliyevi ad günü münasibəti ilə özünəməxsus formada təbrik edib. Partiya sədrinin müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
“ABŞ-ın
Helsinki Komitəsinin Konqresə təqdim etdiyi qanun layihəsinə hörmətli Əli Həsənovun
cavabını oxuduqda, düzü bir qədər duruxdum. Əvvəla, cənab Həsənovun
intellektinə bələd olduğumdan, dünyanın 1 saylı dövlətinə barmaq silkələnməsindən
təəccübləndim. İkincisi isə, hakimiyyətin alternativ versiyalarını dənəməyə
çalışdım.
Durumumuz həqiqətən acınacaqlıdır. Çətinliyimiz təkcə,
korrupsiya və kriminal girdabında çabalayan məmurlarımızda, primitiv iqtisadi
düzənimizdə, uyğunsuz beynəlxalq şərtlərdə və ya düşmənlərimizin məkrində
deyil. Görünür, yaranmaqda olan gərginliyin təsiri altında sağlam məntiq və
analiz imkanlarımızı da itirməyə başlayırıq. Dünən parlamentdə meydana çıxmış
anti-Amerika qanun layihəsinin dərcindən sonra anladım ki, prezident köməkçisinin
verdiyi bəyanat priventiv, daxili auditoriyaya hesablanmış demarş deyil, artıq
ciddiləşə biləcək siyasi xətdir. Bir anlığa əl saxlayın, cənablar! Yaranmış vəziyyət
tək sizlərin taleyi ilə bağlı deyil, hamımızın, Dövlətimizin müqəddəratını müəyyən
edən situasiyadır. Bəlkə, sizə göstərilən "sarı kartdan" düzgün nəticə
çıxarasınız, tərslik deyil, müdriklik nümayiş etdirəsiniz. ABŞ-la Azərbaycanın
heç bir müstəvidə gücü sınana bilməz. Rəqabət, dirəniş nisbətən bərabər güclər
arasında aparılmalıdır. Bu yaxınlarda Rusiyanın Qərbə dirənişini tənqid edən
Yavlinski, çox sadə rəqəmlərlə bunun gülünc olduğunu ifadə edib. Dünyada ümumi əmtəə
istehsalının cəmi 1%-i Rusiyanın payına düşdüyü halda, ABŞ və AB müvafiq olaraq
bu göstəricidə 22 və 21% paya malikdirlər. Müasir dünyada münaqişələrin, məhz
iqtisadi potensiala istinadını nəzərə alsaq, Azərbaycanın bu nəhəng güclər
arasında qarşıdurmaya "soxulması" yanlış və öldürücü ola bilər.
Dünyada bu qədər net şəkildə ABŞ-la qarşıdurmanın acı nəticələrini yaşamış dövlət,
siyasi komanda və liderlərin aqibətini görə-görə, belə müşkülə baş vurmaq ya
ağılsızlıq, ya da məkrlilikdir. Buna qayıdacağam. Yalnız 21-ci əsrdə baş verənlərə
baxaq: İraq-Dirənən Səddam Hüseyni devirdilər, Bayram günündə edam etdilər.
Dövlət faktiki dağılıb, əhali didərgin, 1 milyondan çox insan tələf olub, ölkə
hərbi poliqondur. Misir-Mübarəki devirdilər, həbs etdilər. "Müsəlman
qardaşları"nı gətirib yola saldılar, rəhbərini ölümə məhkum etdilər. Hakimiyyəti
hərbi xuntaya təslim etdilər. Mübarəki azad etdilər. Liviya-Qəzzafi gücü nəzərə
əlmadıqda, alçaldıcı şəkildə məhv edildi, ölkə faktiki 2-yə bölünüb, insanlar
didərgin şəkildə ömür sürür. Yəmən-Saleh hakimiyyətdən kənarlaşdırıldı. Ölkə vətəndaş
müharibəsi şəraitində yaşayır. İran və Səudiyyə Ərəbistanı güclərini burada
sınaq edirlər. Tunis-Bin Əli ABŞ-la konfliktdə olmasa da, 2-ci Yasəmən inqlabı
baş verdi, ölkə 5 il hərbi şəraitdə yaşadı. Bin Əli isə özünü "yaxşı
apardığına" görə Səudiyyə mühacirəti ilə mükafatlandırıldı. Bizə ən çox bənzəyəni
isə Suriyadır. Detallara varmadan demək istəyirəm ki, küt dirənişin aqibəti Azərbaycanı
Suriyaya çevirə bilər. Suriya faktiki dövlət suverenliyini itirib. Dünyada
silahını sınaqdan keçirmək istənilən dövlət, ideoloji qruplaşma Suriyaya gedir.
600 mindən çox insan həlak olub, ölkənin 8 milyona qədər qaçqını var.
İnfrastruktur darmadağın edilib. Bütün tarixi incilər məhvdir. Suriya xalqı
sarsaq Əsədin şıltaqlığının və hakimiyyət hərisliyinin girovundadır. İnanmıram
ki, bu qədər aydın nümunələrdən sonra, hakimiyyətimizin biliciləri imkanları
müqayisə edə bilməsinlər.
Əvvəldə
qayıdacağım məqama diqqət yönəltmək istəyirəm. Bir halda ki,
qərar qəbul edənlərin müqayisə potensialını etiraf edirəm, onda nədən belə edildiyini
başa düşməyə çalışaraq ehtimallara nəzər salaq: -hakimiyyətdə kimlərsə, ola bilər
də əksəriyyət, ABŞ-la süni qarşıdurma yaradaraq, Azərbaycanın Rusiyaya təslim
edilməsi kimi naqis planı həyata keçirməyə çalışır; -illər boyu etdikləri
oğurluqarı ört-basdırın yolunu ölkənin münaqişəyə cəlb edilməsində, ölkənin
dağıdılmasında görürlər; -hakimiyyətdə şəxsi təsirlərini saxlamaq üçün Azərbaycanın
sivil dünyadan məsafədə saxlanmasını tərcih edirlər; -istisna etmirəm ki, hay
qohumluğu olanlar Dövləti dünya ilə münaqişəyə sürükləməklə torpaqların
"dayı"larında qalmalarına zəmin yaradırlar. Ən yaxın himayədarımız
Türkiyənin dünya, konkret ABŞ və AB ilə yaxınlaşma, İsraillə barış fazasına
daxil olduğu anda, bu uzaqlaşmanın Azərbaycana nə vəd etdiyini düşünürlərmi?
Bakı-Ceyhanın bağlanması, TANAP-ın təxirə salınması, Bakı-Tiflis-Qarsın ləngiməsinin
bizim üçün nə olduğunu anlayırıqmı? Sonda. Hörmətli, cənab Prezident! Ad
gününüz münasibətilə Sizi təbrik edirəm. Yəqin ki, növbəti iliniz Sizin üçün ən
çətin siyasi il olacaq. Arzu edirəm ki, çətinlik siyasi həyatınızla məhdudlaşsın.
Yazdıqlarımın baş tutmaması üçün 16-cı ildə Sizə Alahdan qətiyyət və müdriklik
diləyirəm. Azərbaycanın əsarətə düşməməsi və ya Suriyaya çevrilməməsi daha çox
Sizin addımlarınızdan asılıdır. Bu işdə hamımıza uğur arzulayıram”x9d.
Seymur
Əliyev