ABŞ hökümətinin Qafqaz danışıqları üzrə Baş Müşaviri Luis Bono-nun Azadlıq Radiosunun erməni redaksiyasına verdiyi müsahibə ziddiyyətlərlə doludur. Özünün üç həftədir bu işdə olduğunu bildirən cənab Bono, heç də üç həftəlik təcrübə əsasında danışana oxşamırdı. Onun ifadələri, 2020-ci ildən əvvəl Bakıya gələn Minsk qrupu həmsədrlərinin işğala söykənən şablon bəyənatları ilə səsləşirdi. Müsahibənin əvvəlində”biz burada heç bir formulanın,şərtlərin tərəflərə qəbul etdirilməsinə çalışmırıq, biz sülhə çalışırıq,istəyirik ki tərəflər özləri bu formulları hazırlasın, qəbul etsinlər, .üçüncü tərəfdən bu təkliflər gəlməməılidir” desə də, sonrakı suallara cavab olaraq, faktiki olaraq, danışıqların gedişi üçün Azərbaycanın üzərinə ilkin şərtlər qoymağa çalışmışdır. O, sülh sazişinin uzunmüddətli, balanslı olması üçün sülh müqaviləsinə “DQ-ın da daxil edilməsinin” vacib olduğunu bildirmiş, sonra daha da irəliyə gedərək, “DQ sülh prosesinin tərkib hissəsi olmalıdır” demişdir..
Bütün bunları heç Ermənistan tərəfi artıq bu cür dildə tələb etmir. Bu koçaryan-sarkiyan revanşıst qüvvələrinin və Amerikadakı Erməni Milli Komitəsinin (EMK) dilidir. Əminəm ki, cənab Bono bu işə başlayan kimi ilk növbədə ABŞ-dakı Erməni Milli Komitəsinin liderləri ilə görüşüb və onun müsahibəsi də göstərir ki, onun beynində artıq formalaşmış yanaşma vardır. ABŞ-da hər bir yeni həmsədr təyin olunanda,onların ilk praktikası ABŞ-dakı Daşnaksutyuny təmsil edən (EMK)-nin rəhbərliyi ilə görüşmək olurdu. Bayden hökümətində Erməni Milli Komitəsinin onillər boyu yaxın münasibətlərdə olduğu inanılmaz sayda kabinet üzvlərinin təmsil olunduğunu nəzərə alsaq, Bono-nun fikirləri təsadüfi deyil. Paşinyanla EMK-nin barışmaz münasibətdə olduğu indiki halda,heç də təsadüfi deyil ki, bu fikirlər Paşinyanın açıqlamaları ilə üst-üstə düşmür. Azərbaycanla Ermənistan arasında gedən həssas danışıqlar dönəmində Cənab Bononun dedikləri sülh müqaviləsinə qarşı olanların fikirləri ilə səsləşir. Halbuki Azərbaycan və Ermənistanın bizə məlum olan bəyənatları göstərir ki,sülh müqaviləsinə “DQ” –la bağlı heç bir müddəa daxil edilməyəcək. Bunu Paşinyan höküməti də açıq bəyan edir. Cənab Bono-nun fikirləri 44 günlük savaşdan öncəki dövrü əks etdirir. Azərbaycan əsgəri isə vəziyyəti dəyişmişdir.
Digər tərəfdən,cənab Bononun ifadə etdiyi fikirlər Rusiyanın təklifləri ilə üst üstə düşür və özünün dediyi kimi artıq bu həftələr ərzində Rusiyalı həmsədr ilə də əlaqə qurmuşdur. Çünki Rusiya da DQ-ın hər hansı sülh sazişində subyekt və ya yarı subyekt olmasını istəyir, amma 6 Oktyabr Paşinyan—Əliyev Praqa razılaşmasından sonra Rusiya qeyri müəyyən duruma düşmüşdür və yeni vəziyyət yaranana qədər gözləmə mövqeyi tutmuşdur.. Rusiyanın mövqeyi daha çox geopolitikaya söykənsə də, düşünürəm ki, ABŞ-ın səyləri daha çox daxili siyasətlə bağlıdır.
Yeri gəlmişkən, heç kim düşünməsin ki, Minsk Qrupu yoxdur, Minsk qrupu buraxılmamış, sadəcə üçlük bir yerdə işləmir. Amma yenidən Minsk qrupunun bərpa edilib işə başlaması zaman məsələsidir və göründüyü kimi də hər üç həmsədrin mövqeləri 44 günlük savaşdan öncə olduğu kimi eynidir. Qərb-Rusiya münasibətləri dəyişdiyi zaman,onlar birgə işləməyə çalışacaqlar. Rus qüvvələrinin Qarabağda qalması hər üç keçmiş həmsədr üçün məğbul sayılır və gələcəyə yönəlmiş ehtiyat variant kimi baxılır. Bu cür halla Türkiyə Suriyadakı Münbic hadisələri zamanı üzləşdi. Ordan dərs almamız lazımdır. Bu baxımdan, Minsk qrupu plattforması ABŞ və Rusiyanı gələcəkdə bir birinə yaxınlaşdıran əlavə platforma da ola bilir. Bunu hamınin bilməsi lazımdır.
Bu cür vəziyyətdə, Azərbaycan Ermənistanla birbaşa danışıqları davam etdirib sülh müqaviləsi imzalamaqla fundamental məsələləri həll etmiş olur. Bu cür müqavilə Azərbaycana dövlət təhlükəsizliyinin təminatçısı olan dövlət sərhədini nəzarətə götürməyə də yol açır və Erməınistanla da münasibətləri dövlətlərasi müstəviyə çevirməyə imkan verir. Bu cür hal Ermənistanın da təhlükəsizlik maraqlarına uyğundur.
Digər tərəfdən, xaricdən müdaxiləni minimuma endirmək üçün Azərbaycan dövləti Qarabağdakı erməni silahlı qüvvələrin tərksilah edilməsini 1 nömrəli təhlükəsizlik məsələsi kimi ortaya qoymalıdır. Paralel olaraq Qarabağda yaşayan erməni əhalisinə sahib çıxaraq bu ərazidə ölkənin suverenliyini bərpa etməlidir. Əgər status kvo uzun müddət qalarsa, yuxarıdakı mülahizələrin həqiqətə çevrilməsi ehtimalı çox böyük olacaqdır.
Elxan Mehdiyev
Beynəlxalq məsələlər üzrə şərhçi