“Donuz ferması ətrafında ermənilərlə atışarkən Rövşən Cavadov 3 nəfərlik dəstəsi ilə bizə köməyə gəldi...”
"Fevralın 23-də axşam hava qaralandan sonra 17 nəfərdən ibarət kəşfiyyat dəstəsi “Ural” markalı maşında Ağdamdan keçmiş Dağlıq Qarabağ ərazisinə getmişdilər. Magistral yolla Əsgəran istiqamətində irəliləyərkən avtomaşın partladılmışdı..."
31 il öncə baş vermiş əsrin faciəsi – Xocalı soyqırımı ərəfəsində və sonra baş verən olaylar barədə sabiq ədliyyə naziri Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı növbəti vacib epizodlarlarla dəyərli Moderator.az oxucularımızı tanış etməkdə davam edirik.

Xocalı faciəsinin baş verdiyi günləri həmin vaxt XTPD(“OMON”) dəstəsinin komandiri Rövşən Cavadovun müavini olan Hüseynağa Abdullayev belə xatırlayır:
“...1992-ci il fevralın 24-də Ağdamda Milli Ordu əsgərləri və özünümüdafiə dəstələri tərəfindən xocalıları mühasirədən çıxarmaq məqsədilə hücuma keçmək tədbiri hazırlanmışdı. Həmin tədbiri həyata keçirmək üçün hücumdan bir gün əvvəl, yəni fevralın 23-də axşam hava qaralandan sonra Ağdamda olan könüllü döyüşçülərdən ibarət olan kəşfiyyat dəstəsi düşmənin yerləşdiyi keçmiş Dağlıq Qarabağın Əsgəran rayonu ərazisinə keçib orada hücumqabağı kəşfiyyat işləri aparmaqla müşahidəedici məntəqələr qurub fevralın 24-də hücuma keçəcək qüvvələrə istiqamət verməliydilər... Həmin məqsədlə fevralın 23-də axşam hava qaralandan sonra 17 nəfərdən ibarət kəşfiyyat dəstəsi “Ural” markalı maşında Ağdamdan keçmiş Dağlıq Qarabağ ərazisinə yollanmışdılar. Magistral yolla Əsgəran istiqamətində irəliləyərkən avtomaşın partladılmış, içində olan döyüşçülərdən ölən və xəsarət alanlar olmuşdu. Çox qəribədir ki, avtomaşın minaya düşməmişdi. Avtomaşının partlayışına qabaqcadan onun içərisinə öz ərazimizdən partladıcı qurğunun quraşdırılması səbəb olmuşdu. Baş vermiş bu hadisə düşmənə qarşı nəzərdə tutulan hücum əməliyyatının pozulması məqsədilə təşkil olunmuşdi. Elə də oldu...

Fevralın 25-dən 26-a keçən gecə ermənilər ruslarla birlikdə Xocalıda soyqırımı törətdikdən sonra elə həmin gecə biz Rövşən Cavadovun rəhbərlik etdiyi 30 nəfərdən ibarət dəstə ilə sağ qalmış xocalılara kömək məqsədilə Əsgəran qalası istiqamətində düşmənə qarşı hücuma keçdik...
Əsgəran qalası yaxınlığında düşmənin silahlı qüvvələri və iki ədəd “BMP-2”-si(PDM-2- piyadaların döyüş maşını- S.L.) bizi atəşə tutdular deyə qaladan o tərəfə keçə bilmədik. Gecə olduğundan və əsasən də düşmənin güclü müqaviməti ilə rastlaşdığımızdan Qaraqaya istiqamətində geri çəkilməli olduq. Nədənsə həmin vaxt Qaraqaya və onun yaxınlığında çoxlu sayda Milli Ordu və könüllü özünümüdafiə silahlı dəstələrindən bizə qoşulub düşmənə qarşı hücuma keçməyə cəhd edən olmadı...
Fevralın 26-da səhərə yaxın biz bu dəfə 16 nəfər Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçüsü Rövşən Cavadovun başçılığıyla təkrarən Naxçıvanik(Naxçıvanlı-S.L.)- Əsgəran istiqamətində hücuma keçib Xocalı camaatına kömək və yardım göstərməyə çalışdıq. Qaraqaya yüksəkliyi yaxınlığından keçərkən oradakı silahlı dəstələrimizdən bizə kömək üçün yenə də qoşulan olmadı. Biz həmin yüksəkliyin yanından keçib ermənilərin donuz ferması istiqamətində hərəkət edərkən Qaraqaya ilə donuz ferması arasında, Ağdamın Şelli kəndinin üst hissəsində olduqca çoxlu sayda yenicə qətlə yetirilənləri, yaralıları və bir az onlardan aralıda salamat qalan xocalıları gördük. Vertolyot və maşınlar təşkil edib ilk növbədə yaralıların, salamat qalan insanların və ən nəhayət, meyitlərin müəyyən hissəsinin həmin gün daşınmasını təşkil etdik. O gün bu işlərin görülməsində fəal iştirak edən və qəhrəmanlıqlar göstərib xocalılara yardım edən və “T-72” tankında hərəkət edən Yaqub Rzayevin(“Qatır Məmməd”) oğlu Canpoladı düşmən döyüşçüləri tank əleyhinə qumbaraatanla vurub qətlə yetirdilər...

Fevralın 27-də və 28-də biz bu dəfə cəmi 7 nəfər, azıb çöllərdə qalmış, Ağdama gəlib çıxa bilməyən xocalılara yardım etmək məqsədilə Əsgəran istiqamətində hücuma keçmək üçün Qaraqaya yüksəkliyinin yanından ötərkən yenə də orada olan döyüşçülərdən bizə qoşulanı olmadı. Fevralın 28-də biz iki dəstəyə bölündük, dördümüz bir dəstədə, üç nəfər isə Rövşən Cavadovla birlikdə ikinci dəstəni təşkil etdi. Həmin vaxt orada olan hərbi vertolyotlara istiqamət verdik ki, onlar ermənilərin donuz fermasını vursunlar. Onlar da “NURS” mərmiləri ilə fermanı güclü atəşə tutdular. Artıq gün günortadan keçmişdi. Həmin vaxt Çingiz Mustafayev hadisə yerini lentə alırdı...
Vertolyotlar işini görüb geri qayıdandan sonra fermaya yaxınlaşdıq. Bağlı qapının arasından içəriyə baxanda gördük ki, fermanın içərisindəki bunkerdən silahlı döyüşçülər çıxır. Biz cəld fermanın qapısından uzaqlaşıb o biri tərəfinə keçdik. Həmin vaxt fermadan çölə çıxan 13 nəfərdən ibarət erməni döyüşçüsü ilə gözlənilmədən üzbəüz gəldik. Onlar bizə, biz də onlara baxanda onlardan biri başladı bizdən erməni dilində söz soruşmağa. Cavab vermədiyimizi görüb azərbaycanlı olduğumuzu başa düşdülər. Ermənilər çaşıb qalmışdılar. Təəccüb edirdilər ki, biz o ərazidə nə gəzirik. Bizim orada olmağımız onlar üçün gözlənilməz idi. Onlardan birinin əlindəki avtomatının lüləsini yavaş-yavaş yuxarı üstümüzə qaldırdığını görüb cəld atəş açdım. Yanımda olanlara mövqelərə çəkilməyi əmr etdim. Düşmənlərdən bir neçəsini məhv etdik... Bu vaxt Rövşən Cavadov 3 nəfərlik dəstəsi ilə bizə köməyə gəldi. Biz onlarla birlikdə düşmənə qarşı döyüşü davam etdirdik. Ermənilərin sağ qalanları geri dönüb özlərini fermanın içərisinə sala bildilər və pəncərələrdən bizimlə atışmanı davam etdirdilər... Bir az keçmiş Naxçıvanlı tərəfdən onlara kömək üçün iki ədəd “Qaz-66” və bir ədəd “Ural” markalı hərbi maşında döyüşçülər gəldi. Onları görən kimi Rövşən dedi ki, köməyimiz olmasa, bizi burada məhv edəcəklər. Biz atışa-atışa geri çəkilməyə başladıq. Qəzəbimdən boğulurdum. Yenə də Qaraqaya yüksəkliyində olan silahlı dəstələrdən bizə kömək əlini uzadan olmadı. Döyüş zamanı Rövşənin dəstəsindən ayrı düşdük. Hikmət Rövşənin dəstəsində idi. Bizim dəstəyə Rövşənin müavini kimi mən rəhbərlik edirdim. Biz geri çəkilib “Qara qaya”nın yanından keçəndə orada olan döyüşçülər bizə dedilər ki, Rövşəngili mühasirədən hərbi vertolyot çıxarıb Ağdam istiqamətinə apardı. Oradan Ağdama gəldik və Rövşəngillə Ağdamda görüşdük...”

“Ağdama verilən silah-sursatla nəinki Xocalını müdafiə etmək, Ermənistanı iki dəfə almaq olardı...”
Xocalıda baş vermiş hadisələrlə bağlı Ağdama gəlmiş və o vaxt Qəbələ rayonunun prokuroru işləyən Kamo Fətəliyev həmin günləri belə xatırlayır:
“1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciəni eşidib təqribən axşam saat 19 radələrində Ağdama gəldim. Birbaşa Ağdam məscidinə getdim. Xocalıda qətlə yetirilmiş insan meyitləri məscidə daşınırdı. Söhbət zamanı məlum oldu ki, oradakı döyüşçülərimizin silah-sursata ehtiyacı var. Tez Qəbələyə qayıtdım. Silah əldə etmək üçün Qəbələdəki RLS-yə getdim. Həmin stansiyanın məsul əməkdaşı, mənə yaxın münasibətdə olan Ruslanla görüşdüm. Gəlişimin məqsədini ona bildirdim. Fevralın 27-də səhər tezdən Ruslanla birlikdə Mingəçevirdəki havadan müdafiə hərbi hissəsi komandirinin müavini və Ruslanın qohumu olan Maqomedovun yanına getdik və ondan bizə silah-sursat əldə etməkdə köməklik etməsini xahiş etdik. O, təəccüblə üzümə baxıb: “Ağdama indiyə qədər verilən silah-sursatla Ermənistanı iki dəfə almaq olardı”- dedi. Bu həqiqət idi... Və həmin silahla nəinki Xocalının yolunu açmaq, şəhəri müdafiə etmək də olardı... Xülasə, Maqomedovun mənə verdiyi silah-sursatı həmin gün Ağdam döyüşçülərinə çatdırdım...”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın