Koronavirusla mübarizədə iştirak edəcək 120 nəfərdən ibarət kubalı tibb mütəxəssisləri xüsusi reyslə noyabrın 6-da ölkəmizə gəliblər. Heyət üç ay müddətində Azərbaycanda olacaq.
Bizim.Media TƏBİB-in verdiyi məlumata istinadən bildirir ki, onlar yerli tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcəklər.
Həmçinin, ölkəmizdə epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə məşğul olacaqlar.
TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, bu mütəxəssislər Azərbaycan hökumətinin dəvəti və Kubanın müvafiq qurumları arasında imzalanmış sazişə əsasən ölkəmizə gəliblər.
Kubanın İctimai Səhiyyə Nazirliyinin həkimlərindən, tibb bacı və qardaşlarından ibarət heyət müvvəqqəti olaraq modul tipli xəstəxanaya çevrilmiş Abşeron İdman Olimpiya Kompleksində koronavirusla mübarizə aparacaq.
Bizim.Media