68 il əvvəl Çin hakimiyyəti xalqına bir vəd vermişdi: böyük sıçrayış edəcək və bununla da dünyaya təkcə ərazisinin deyil, iqtisadi gücünün də nəhəngliyini göstərəcək. Amma tarix bəzən eyni sözə tamamilə fərqli mənalar verir: o sıçrayış irəli yox, uçuruma doğru oldu. İqtisadiyyatını qısa müddətdə möcüzəvi şəkildə gücləndirmək arzusu milyonlarla insanın həyatı bahasına başa gələn faciə ilə nəticələndi.
Bu gün isə eyni ölkəyə baxanda mənzərə tamam başqadır. Dünən sıçrayış edərkən büdrəyən Çin, bu gün dünya iqtisadiyyatının ən böyük güclərindən birinə çevrilib. Bəs bu dəfəki sıçrayışın sirri nə idi? Bəlkə də bu dəfə şüarlarla, pafosla deyil, sürətli istehsal, müasir texnologiyanın bacarıqlı idarəçiliyi və kapitalın düzgün yönləndirilməsi, ən əsası hay-küysüz irəliləmənin hesabına oldu?! Amma əvvəlcə xatırlayaq, Çin təxminən yarım əsr öncə harda və necə büdrədi...
Sosializmin proletar bəlasının acı nəticələri
1958-ci ildə ölkədə sərçələr zərərverici elan edildi. Məntiq sadə görünürdü: sərçə taxıl yeyir: deməli, sərçəni məhv etsək, taxıl daha çox olacaq. Yuvalar dağıdılır, quşlar hürküdülərək saatlarla havada saxlanılırdı, enə bilməyən quşlar aclıqdan və yorğunluqdan kütləvi qırılırdı. Nəticədə ölkə üzrə təxminən iki milyard sərçə məhv edildi.
Amma Çinin saydığı ilə inanmadığı fələyin saydığı üst-üstə düşmədi. Savadsız “zooloq”ların sayəsində hakimiyyət dərk etmirdi ki, sərçə yalnız taxıl yemir, həm də taxıla zərər vuran həşəratları yeyir. Sərçələr yoxa çıxandan sonra zərərvericilərin, əsasən də çəyirtkələrin sayı artdı. Nəticədə isə minlərlə hektar ərazini basan həşəratlar bütün taxıl zəmilərini məhv etdi. Bunun ardınca qıtlıq, Mao Zedunun planladığı “Böyük sıçrayış”ın yanlış iqtisadi və kənd təsərrüfatı siyasəti, məhsul haqqında şişirdilmiş məlumatlar (sosializmin proletar bəlası), ərzaq bölüşdürülməsindəki problemlər nəticəsində 1961-ci ilə qədər 2 miyon insan aclıqdan öldü.
Başqa sözlə, sərçələrlə müharibədən Çin məğlub çıxdı.
Çin həmin illərdə yalnız aclıqla sınanmadı, ölkələrarası münasibətlərin nə qədər dəyişkən olduğunu da gördü. SSRİ-dən gələn cüzi yardımdan başqa bütün əl açdığı dövlətlər üz çevirib onu taleyin ümidinə qoydular. Bu ağır sınaq Çinə dərs oldu. Sonrakı onilliklərdə ölkənin qarşısına qoyduğu əsas məsələlərdən biri məhz ixrac asılılığından çıxmaq idi. Ta ki 2000-ci illərə qədər aşağı templə, kənardan müşahidə edə-edə dünya bazarını öyrəndi və nəhayət arzuladığı sıçrayışı həyata keçirməyə başladı.
Faciədən çıxarılan dərs
Aclıqdan çıxmış bir ölkə əvvəlcə dünyanın ən ucuz istehsalçısına çevrildi. Çünki yaxşı müşahidə etmişdi ki, dünya əhalisinin böyük kasıb çoxluğu bir ovuc avropalı, amerikalı ağanın köhnəsini geyinməkdən, sürməkdən bezib, ucuz da olsa təzəsini istəyir. Çin kasıbın gözlərini vitrinlərdən yığışdırdı, onu inandırdı ki, az büdcəyə sənin də təzə əşyaların, geyimin, texnikan, maşının ola bilər.
Böyük çoxluğu özünə çəkəndən sonra isə lordların fabrikinin bənzərini düzəltdi, ardınca isə orijinalını aldı. İndi qərbin ən iri şirkətləri zavodlarını Çində açır, ya da bu ölkədən ucuz hissələr əldə edir. Sadə yüngül sənayedən başlayan proses tədricən texnologiyaya, logistika şəbəkələrinə, xammala, günəş panellərinə, elektrik avtomobillərinə qədər uzandı.
Sərçələrdən robotlara qədər yol
İndi isə bu nəhəng ölkənin vaxtilə yaşadığını sivil dünya ölkələrinin əhalisi yaşamaq astanasındadır. Məsələ belədir ki, Çin insanın hər halını təkrarlayan robotlar hazırlayır. Bununla yanaşı xüsusi mərkəzlər yaradıb ki, robotlar orada qarabaqara insanın dalınca gəzib onun nə etdiyini, nə danışdığını, hansı işi necə gördüyünü öz beyninə yazır.
Artıq 70-dən çox “Embodied AI” — yəni fiziki mühitdə fəaliyyət göstərən süni intellekt yaradıb. Real insanı tamamilə kopyaladıqdan sonra dünyanın müxtəlif iş yerlərinə, ofislərə, anbarlara, istehsal müəssisələrinə göndəriləcək və beləliklə insanın görəcəyi bütün işləri Çin satın alacaq. Nəticədə isə milyonlarla insanın işsiz qalma ehtimalı var ki, hələ ki dünyanın başbilənləri bunun çarəsini tapa bilmir.
Mütəxəssislər isə yenə də bədbinliyə qapılmır. Düşünürlər ki, Çinin hesabı başqa cürdür: onun niyyəti dünyanın sadə insanlarını ac qoymaq yox, nəhəng təchizat zəncirinə nəzarət edə bilməkdir. Halbuki 1958-ci ildə təbiətin sadə zəncirini hesablaya bilmədi, bir kiçik quşun ekosistemdəki rolunu düzgün qiymətləndirmədi, bu gün isə ən mürəkkəb qurğuları dünyaya satır. Ən əsası, Çin yaşadığı faciədən bunu öyrəndi: bir sistemi idarə etmək istəyirsənsə, əvvəlcə onun necə işlədiyini bilməlisən.
Şəfiqə Şəfa, Bizim.Media