Harvard Universiteti, tibb məktəbinin keçmiş əməkdaşı tərəfindən cəsəd qalıqları oğurlanaraq satılan şəxslərin ailələrinin qaldırdığı kollektiv iddia üzrə razılaşma çərçivəsində 53 milyon dollar ödəyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə tərəflər arasındakı müqaviləyə istinadən "Harvard Magazine" məlumat yayıb.
Məhkəmə iddiası 2023-cü ildə Harvard Tibb Məktəbinin morqunun keçmiş meneceri Sedrik Lodcun elmi və təhsil məqsədləri üçün universitetə bağışlanan bədən hissələrini oğurlamaqda ittiham olunmasından sonra qaldırılıb. 2018-2022-ci illər ərzində fəaliyyət göstərən cinayət sxemi çərçivəsində o, baş, beyin, dəri, sümük və digər bədən hissələrini oğurlayaraq internet vasitəsilə ölkə daxilində satıb.
Ötən ilin dekabrında Lodc 8 il müddətinə azadlıqdan məhrum edilib, onun həyat yoldaşı da cinayətdə iştiraka görə həbs cəzası alıb.
53 milyon dollarlıq məbləğ iddiaçıların iki qrupu arasında bölüşdürüləcək. Belə ki, bədənləri 2018-2023-cü illərdə Harvard morquna təhvil verilmiş donorların yaxınları 52,5 milyon dollar alacaqlar. Daha 500 min dollar isə qalıqları 2003-2017-ci illərdə oraya düşən insanların ailələrinə ayrılıb. Məbləğlərdəki fərq onunla bağlıdır ki, istintaqın məlumatına görə, Lodcun cinayət fəaliyyəti yalnız 2018-ci ildə başlayıb.
Razılaşmanın bir hissəsi olaraq Harvard həmçinin zərərçəkmiş ailələr üçün vebinar keçirməyi və 2027-2028-ci tədris ilindən başlayaraq donorların şərəfinə tibb tələbələri üçün təqaüdə hər il ən azı 20 min dollar ayırmağı öhdəsinə götürüb.
Bundan əlavə, anatomik ianə proqramına dəyişikliklər edilib: nəzarət gücləndirilib, qalıqların izlənilməsi prosedurları təkmilləşdirilib və təhlükəsizlik tədbirlərinə yenidən baxılıb.
Bizim.Media