İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın regional təhlükəsizliyin təmin edilməsi məqsədilə Fars körfəzi ölkələri ilə əməkdaşlıq və dialoqa tam hazır olduğunu bəyan edib.
Bizim.Media “Press TV”yə istinadla xəbər verir ki, Əraqçi bu bəyanatla İraqın paytaxtı Bağdadda çıxış edib.
O, rəsmi səfəri çərçivəsində İraq prezidenti, parlament sədri və milli təhlükəsizlik üzrə müşavirlə bir sıra mühüm görüşlər keçirib.
Xarici işlər naziri Fars körfəzinə sahili olan dövlətlərlə xarici hərbi müdaxilədən uzaq, müstəqil və konsensusa əsaslanan kollektiv təhlükəsizlik mexanizminin yaradılmasını təklif edib. O, regionda sabitliyin qorunması üçün "əməkdaşlıq və qarşılıqlı etimada" əsaslanan yeni yanaşmanın zəruriliyini vurğulayıb.
Hörmüz boğazının gələcək idarəçiliyinə toxunan Əraqçi qeyd edib ki, İran ABŞ ilə əldə olunmuş anlaşma memorandumunun müddəalarına və öz öhdəliklərinə uyğun olaraq lazımi addımları atacaq:
"Bu çərçivədə qonşu sahil dövləti kimi Omanla əməkdaşlığı davam etdirəcəyik, həmçinin regionun digər ölkələri ilə də dialoqu sadiq şəkildə yürüdəcəyik".
Bizim.Media