Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinən 17 qidada diqqət edilməli əsas məqamlar bunlardır:
Yumurta
Yumurtanı soyuducunun qapısında deyil, temperaturun daha sabit olduğu iç rəflərdə və öz karton qabında saxlamaq məsləhətdir. Qabığı çatlamış yumurta salmonella riski səbəbilə istifadə edilməməlidir.
Yumurtadan pis qoxu gəlirsə və ya sındırıldıqda görünüşündə qeyri-adi dəyişiklik müşahidə olunursa, bu, xarab olma əlaməti ola bilər.
Körpə qidası
Siyahıdakı ən həssas məhsullardan biri körpə qidasıdır. Qidanın qablaşdırmasında göstərilən son istifadə tarixindən (STT) sonra məhsul qətiyyən istifadə edilməməlidir.
Açılmış toz halında körpə qidasının nə qədər müddət ərzində istifadə olunmalı olduğu istehsalçıdan və markadan asılı olaraq dəyişə bilər. Hazırlanmış və körpənin içməyə başladığı butulkada qalan qida isə yenidən istifadə edilməməlidir.
Süd
Pasterizə edilmiş gündəlik süd qabı açıldıqdan sonra qısa müddətdə istifadə olunmalıdır. Turş qoxu və ya rəng dəyişikliyi varsa, süd içilməməlidir.
Qatıq
Qatığın səthində su toplanması hər zaman onun xarab olduğu anlamına gəlmir. Bu, qatığın tərkibindəki təbii suyun ayrılması nəticəsində baş verə bilər. Lakin kif, çəhrayı və ya yaşıl rəng, kəskin və qeyri-adi qoxu, yaxud qabın şişməsi müşahidə olunursa, qatığın hamısı atılmalıdır.
Krem və qaymaq
Yağlılıq səviyyəsinin yüksək olmasına baxmayaraq, krem və qaymaq tez xarab ola bilən süd məhsulları sırasındadır. Qab açıldıqdan sonra daim soyuducuda saxlanmalıdır. Turş qoxu, rəng dəyişikliyi, kif müşahidə edilərsə, məhsul istifadə olunmamalıdır.
Həmçinin servis zamanı istifadə edilən qaşığı yenidən qabın içinə salmamaq məsləhətdir.
Labne, krem pendir və təzə kəsmik
Labne, krem pendir və təzə kəsmik yüksək nəmlik ehtiva etdiyindən onların üzərində yaranan kif məhsulun görünməyən hissələrinə də yayıla bilər. Bu səbəbdən yumşaq pendirin üzərində kif göründükdə yalnız həmin hissəni ayırmaq kifayət deyil. Məhsul atılmalıdır.
Ağ pendir
Ağ pendir təmiz qabda, öz duzlu suyunun içində və soyuducuda saxlanmalıdır. Pendirin duzlu sudan kənarda qalan hissələri daha tez quruya və ya xarab ola bilər.
Pis qoxu, yapışqan səth, çəhrayı və ya yaşıl rəng, yaxud geniş yayılmış kif müşahidə edilərsə, pendir istifadə olunmamalıdır.
Bizim.Media