Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Uzun illər Avropa iqtisadiyyatının əsas dayağı hesab edilən Almaniya son dövrlərdə müasir tarixinin ən ağır iqtisadi sınaqlarından biri ilə üz-üzə qalıb. COVID-19 pandemiyasının yaratdığı təlatümlər, Rusiyadan ucuz enerji tədarükünün dayanması, geosiyasi böhranlar, Çin bazarında zəifləyən tələbat və elektromobillərə keçid dövrünün yaratdığı struktur dəyişiklikləri ölkə iqtisadiyyatını dərin böhran vəziyyətinə salıb.

Artıq böhranın təsirləri yalnız statistik rəqəmlərdə deyil, gündəlik həyatda da hiss olunur. Almaniya kansleri Fridrix Merts etiraf edir ki, ölkədə hər gün 300-500 arasında iş yeri bağlanır, onlarla şirkət isə müflis elan edilir.

"Bu çətin vəziyyətdən mümkün qədər tez çıxmalıyıq. Almaniyada iş yerləri yenidən təhlükəsiz olmalı, şirkətlərimiz həm daxili, həm də beynəlxalq bazarlarda rəqabət qabiliyyətini bərpa etməlidir", - deyə kansler bildirib.

Bu açıqlama artıq iqtisadi çətinliyin deyil, sistemli böhranın rəsmi etirafıdır.

İki il ardıcıl geriləmə – Almaniya resessiyadan çıxa bilmir

Almaniya iqtisadiyyatı son illəri ardıcıl olaraq geriləmə ilə başa vurub. 2023-cü ildə ölkənin ÜDM-i 0,3 faiz azalıb. 2024-cü ildə də iqtisadiyyat təxminən 0,2 faiz geriləyərək ardıcıl ikinci ili mənfi göstərici ilə başa vurub. Bu, Almaniyanı son onilliklərdə ilk dəfə olaraq iki il ardıcıl iqtisadi daralma yaşayan aparıcı inkişaf etmiş dövlətlər sırasına daxil edib.

2025-ci ildə cüzi - təxminən 0,2 faizlik artım qeydə alınsa da, iqtisadçılar bunu böhrandan çıxış deyil, sadəcə enişin yavaşıması kimi qiymətləndirirlər. Çünki sənaye istehsalı, investisiyalar və məşğulluq hələ də əvvəlki səviyyəsinə qayıtmayıb.

Böhranın əsas səbəbləri

Almaniyanın bugünkü vəziyyəti tək bir səbəblə bağlı deyil. Belə ki, ilk zərbə COVID-19 pandemiyası dövründə vuruldu. Qlobal tədarük zəncirləri pozuldu, istehsal dayandı, ixrac azaldı.

Daha sonra Rusiyadan təbii qaz tədarükünün kəsilməsi Almaniya sənayesini ağır enerji böhranı ilə üz-üzə qoydu. Onilliklər ərzində ucuz Rusiya qazı hesabına fəaliyyət göstərən metallurgiya, kimya və maşınqayırma müəssisələri birdən-birə dəfələrlə bahalaşan enerji xərcləri ilə qarşılaşdı. Bunun üzərinə Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranan geosiyasi gərginliklər, logistika problemləri və qlobal ticarətdə qeyri-müəyyənlik əlavə olundu.

Digər mühüm amil isə Çin iqtisadiyyatının yavaşlaması oldu. Almaniya ixrac modelinə əsaslanan iqtisadiyyat olduğundan Çin bazarında tələbin azalması avtomobil, maşınqayırma və sənaye avadanlıqları istehsalçılarına ciddi zərbə vurdu.

İş yerləri sürətlə bağlanır

Böhranın ən ağrılı nəticəsi əmək bazarında müşahidə edilir. Münhendə yerləşən İfo İqtisadi Araşdırmalar İnstitutunun məlumatına görə, məşğulluq barometri iyun ayında 93,9 bənddən 92,3 bəndə enib.

İnstitutun əmək bazarı üzrə eksperti Klaus Volrabe bildirib ki, Almaniya əmək bazarı hələ də zəif vəziyyətdədir və ölkə dayanıqlı iqtisadi canlanmadan çox uzaqdır. İş yerlərinin azalması artıq təkcə sənaye sektorunu əhatə etmir. Topdansatış, pərakəndə ticarət, logistika, xidmət və turizm sahələri də genişmiqyaslı ixtisarlar planlaşdırır.

Beynəlxalq konsaltinq şirkəti EY-nin araşdırması isə Almaniyada sənaye böhranının real miqyasını ortaya qoyur. 2026-cı ilin birinci rübündə ölkənin sənaye müəssisələrində çalışanların sayı əvvəlki illə müqayisədə 127 300 nəfər, yəni 2,3 faiz azalıb.

2019-cu illə müqayisədə isə ümumi itki 341 500 iş yerinə çatıb. Bu, sənaye işçilərinin 6 faizdən çoxunun işini itirməsi deməkdir. Başqa sözlə, hazırda Almaniyada hər 17 sənaye iş yerindən biri artıq mövcud deyil. EY ekspertləri bildirirlər ki, üç il davam edən zəif satışlar indi öz ən ağır nəticəsini verir və müəssisələr artıq istehsal xətlərini deyil, bütöv zavodları bağlamaq məcburiyyətində qalırlar.

Ən böyük zərbə avtomobil sənayesinə dəyib

Elektrikli avtomobillərə keçid Almaniyanın ənənəvi avtomobil istehsalçılarını yeni reallıq qarşısında qoyub. 2019-cu ildən bəri avtomobil sektorunda 125 800 iş yeri bağlanıb. Bunun 32 min nəfəri yalnız son bir ilin payına düşür.

Ekspertlər hesab edirlər ki, elektromobillər sahəsində Çin istehsalçılarının sürətlə güclənməsi, yüksək enerji qiymətləri və zəif satışlar Almaniyanın avtomobil nəhənglərinin rəqabət üstünlüyünü əhəmiyyətli dərəcədə azaldıb.

Almaniyanın iqtisadi gücünün simvollarından biri olan Volkswagen konserni də böhrandan yan keçə bilməyib. Şirkət yaxın illərdə 100 minə qədər iş yerinin ixtisarını nəzərdən keçirir. Məlumat üçün bildirək ki, hazırda Volkswagen qrupunda - Porsche və Audi də daxil olmaqla - təxminən 657 min nəfər çalışır.

Baş icraçı direktor Oliver Blyume 2030-cu ilə qədər 11 milyard avro qənaət etməyi nəzərdə tutan yeni strategiya təqdim edib. Plan çərçivəsində Audi-nin Nekkarzulm zavodu, Volkswagen-in Hannover, Zvikkau və Emden şəhərlərindəki müəssisələrinin bağlanması da müzakirə olunur.

Əgər bu qərarlar təsdiqlənsə, bu, Almaniya avtomobil sənayesinin tarixində ən böyük restrukturizasiya proqramlarından biri olacaq.

Müəssisələr bağlanır, iflaslar artır

İqtisadi geriləmə şirkətlərin maliyyə vəziyyətinə də ciddi təsir göstərir. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2026-cı ilin birinci rübündə ölkədə 6275 korporativ iflas ərizəsi qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz, təkcə mart ayında isə 15,8 faiz artıb.

Beləliklə, Almaniyada korporativ iflasların sayı son 14 ilin ən yüksək səviyyəsinə yüksəlib. Ekspertlər hesab edirlər ki, yaxın aylarda istehsal xərclərinin yüksək qalması yeni iflas dalğasına səbəb ola bilər.

Paradoks: Həm işsizlik artır, həm də işçi çatışmır

Almaniya iqtisadiyyatında ən maraqlı paradokslardan biri əmək bazarında müşahidə olunur. Bir tərəfdən yüz minlərlə insan işini itirir, digər tərəfdən isə ölkə sürətlə işçi qüvvəsi çatışmazlığına yaxınlaşır.

Səbəb demoqrafik dəyişikliklərdir. 1946-1964-cü illərdə doğulan "Baby Boomer" nəsli kütləvi şəkildə pensiyaya çıxır. Hesablamalara görə, 2040-cı ilə qədər Almaniya hazırkı işçi qüvvəsinin təxminən 30 faizini itirəcək. Bu səbəbdən hökumət pensiya yaşının artırılması variantını ciddi şəkildə nəzərdən keçirir.

Almaniya İqtisadiyyat İnstitutunun son proqnozuna görə isə 2036-cı ilə qədər ölkədə işçi qüvvəsi çatışmazlığı 4,3 milyon nəfərə çata bilər. İki il əvvəl bu rəqəmin cəmi 2 milyon olması proqnozlaşdırılırdı. Miqrant axınının zəifləməsi, əhalinin qocalması və Almaniyanın əvvəlki qədər cəlbedici əmək bazarı hesab olunmaması isə vəziyyəti daha da ağırlaşdırır.

Yeni ixtisar dalğası hələ qarşıdadır

İşəgötürənlər də nikbin deyillər. Almaniyanın metallurgiya və elektrik sənayesi işəgötürənləri ittifaqı Gesamtmetall-ın hesablamalarına görə, növbəti beş il ərzində təkcə bu iki sahədə 250-300 min iş yeri ləğv oluna bilər.

Təşkilatın prezidenti Ştefan Volf bildirir ki, iş yerlərinin azalmasına baxmayaraq, işçi çatışmazlığı səbəbindən mövcud əmək resurslarından daha intensiv istifadə etmək lazım gələcək. Bu isə Almaniya iqtisadiyyatının qarşılaşdığı struktur problemlərin nə qədər mürəkkəb xarakter daşıdığını göstərir.

Almaniyanı gözləyən daha ağır sınaqlar

EY analitiklərinin fikrincə, sənayedə 2026-cı ilin ilk rübündə qeydə alınan 1,7 faizlik satış artımı ümumi vəziyyətin yaxşılaşması anlamına gəlmir. Bu artım əsasən metallurgiya sektorunun hesabına formalaşıb.

Digər strateji sənaye sahələrinin əksəriyyəti isə hələ də yüksək enerji qiymətləri, zəif daxili tələbat, ABŞ və Çin bazarlarındakı sərt rəqabət, eləcə də istehsal güclərinin artıq qalması səbəbindən ciddi təzyiq altındadır.

Əgər yaxın aylarda köklü iqtisadi islahatlar həyata keçirilməzsə, çoxsaylı şirkətlər istehsal xətlərini bağlamaq, zavodlarını xarici ölkələrə köçürmək və yeni kütləvi ixtisarlara başlamaq məcburiyyətində qala bilərlər.

Göründüyü kimi, bir vaxtlar Avropa iqtisadiyyatının lokomotivi hesab olunan Almaniya hazırda ciddi iqtisadi və sosial böhranla üz-üzədir. Yaxın dövrdə ölkənin bu ağır vəziyyətdən xilası isə olduqca çətin görünür.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

"Şərab müharibəsi"nin qalibi o oldu

"Şərab müharibəsi"nin qalibi o oldu

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində - FOTO

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Nəbi Mahmudov vəfat etdi – FOTO

Nəbi Mahmudov vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO