Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BFMTV nəşri yayıb.
Mənbə qeyd edir ki, son 24 saat ərzində bu, Zelenski ilə Makron arasında ikinci söhbətdir. Onlar bir gün əvvəl, fevralın 19-da danışıblar.
Ukrayna lideri “Twitter” səhifəsində bildirib ki, o, fransalı həmkarına “cəbhə xəttində vəziyyətin gərginləşməsi, itkilər, siyasətçilərin və beynəlxalq jurnalistlərin atəşə tutulması barədə” danışıb.
Bundan əlavə, onlar gərginliyin azaldılmasının mümkün yollarını və Donbasdakı münaqişənin diplomatik yolla həllini müzakirə ediblər.
Yelisey sarayının sözçüsü danışıqlardan sonra bildirib ki, Makron Ukraynada böyük münaqişənin qarşısını almaq üçün “son səylərini” edir.
Bizim.Media