Hindistanda dünyanın ən əhatəli əhalinin siyahıyaalınması start götürür.
Bizim.Media AFP-yə istinadən xəbər verir ki, 3 milyondan çox məmur bir il davam edəcək bu prosesdə ölkənin 1,4 milyard sakinini ev-ev ziyarət edərək fərdi məlumatlarını toplayacaq.
Siyahıyaalma ölkənin sürətlə artan əhalisinin enerji, qida və mənzil kimi əsas ehtiyaclarını daha effektiv idarə etmək məqsədilə həyata keçirilir.
Eyni zamanda, su çatışmazlığı, ətraf mühitin çirklənməsi və sıxlıq kimi meqapolislərdəki problemlər də diqqət mərkəzində olacaq. Hindistan hökuməti bu əməliyyatı “milli əhəmiyyətli böyük bir iş” adlandırır.
Siyahıyaalma iki mərhələdə aparılacaq. Birinci mərhələdə ev təsərrüfatları, mənzil şəraiti və infrastruktur obyektləri haqqında məlumatlar toplanacaq. Bu mərhələ çərşənbədən sentyabra qədər davam edəcək və həm qapı-qapı ziyarət, həm də onlayn özünüqeydiyyat sistemi ilə həyata keçiriləcək. Bu prosesdə peyk görüntüləri və 16 dildə xidmət göstərən mobil tətbiqlərdən istifadə olunacaq.
İkinci mərhələdə isə demoqrafik, sosial və iqtisadi məlumatlar toplanacaq. Bu mərhələdə Hindistanın minillik kasta sistemi barədə məlumatlar da daxil ediləcək. 1931-ci ildən sonra kasta məlumatları əhatəli şəkildə toplanmayıb və bu dəfə sosial gərginliyi idarə etmək üçün xüsusi tədbirlər görüləcək.
Əksər əhalinin siyahıyaalınması 1 mart 2027-ci il tarixinə qədər tamamlanacaq. Lakin Himalay dağlarının yüksək ərazilərində və mübahisəli Cammu-Kəşmir bölgəsində proses 2026-cı ilin oktyabr ayına qədər aparılacaq.
Hindistan sonuncu siyahıyaalmanı 2011-ci ildə həyata keçirib, 2021-ci il üçün planlaşdırılan proses isə COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Hindistan 2023-cü ildə Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olub və əhalisi artıq 1,42 milyardı ötüb.
Bizim.Media