Pakistanın xarici işlər naziri İshaq Darın Pekinə səfəri zamanı İran ətrafında vəziyyət əsas müzakirə mövzularından biri olub.
Görüşdən sonra Çin tərəfi ABŞ və İsraili hərbi əməliyyatları dərhal dayandırmağa, tərəfləri isə dialoq və danışıqlara qayıtmağa çağırıb.
Çin rəsmiləri nüvə obyektlərinə hücumlara qəti şəkildə qarşı olduqlarını da vurğulayıblar.
Bizim.Media xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mövqeyinə görə, Yaxın Şərqdə gərginliyin daha da artması həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi risk yaradır.
Rəsmi Pekin xüsusilə ABŞ və İsraili hərbi əməliyyatları tam dayandırmağa, böhranın diplomatik yollarla həlli üçün şərait yaratmağa çağırıb.
Çin tərəfi atəşkəs və siyasi həll variantlarını önə çıxarıb.
Görüş zamanı Hörmüz boğazındakı vəziyyət də diqqət mərkəzində olub. Çin bölgədə gərginliyin azaldılmasının və dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bəyan edib.
Eyni zamanda, boğazdan keçən Çin gəmilərinə göstərilən dəstəyə görə aidiyyəti tərəflərə təşəkkür edildiyi bildirilib.
Pekin nüvə obyektlərinə yönələn hücumların xüsusi təhlükə yaratdığını qeyd edib.
Çin rəsmilərinin fikrincə, belə addımlar yalnız hərbi eskalasiyanı dərinləşdirmir, həm də beynəlxalq təhlükəsizlik sisteminə əlavə təhdid yaradır.
Bu səbəbdən Çin bir daha böhranın yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini bəyan edib.
Pakistanın diplomatik təmaslarını intensivləşdirməsi də diqqət çəkir.
Reuters-in məlumatına görə, İslamabad regionda gərginliyin azaldılması və mümkün danışıqlar platformasının formalaşdırılması istiqamətində fəal rol oynamağa çalışır.
Bu baxımdan İshaq Darın Pekin səfəri təkcə ikitərəfli münasibətlər deyil, həm də İran ətrafındakı böhran fonunda koordinasiya cəhdi kimi qiymətləndirilir.
Bizim.Media