İran İnqilab Keşikçiləri Korpusunun “Qüds qüvvələri”nin komandanı İsmail Kaani ilə bağlı sensasion iddialar gündəmə gəlib. Məlumatlara görə, uzun müddətdir agent olduğu iddia edilən Kaaninin hazırda İsraildə təhlükəsiz vəziyyətdə olduğu irəli sürülür.
Bizim.Media xəbər verir ki, iddialara əsasən, ABŞ və İsrailin ötən həftə İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı İranın yüksək səviyyəli rəhbərliyinə ciddi zərbə endirilib və 48 yüksək rütbəli komandanın öldürüldüyü bildirilib. Həmin hücumdan sağ çıxan yeganə yüksək vəzifəli şəxs kimi İsmail Kaaninin adı çəkilir.
“Doqquz canlı komandan” iddiası
Kaani daha əvvəl də İsrailin müxtəlif hücumlarından sağ çıxması ilə tanınıb və bəzi beynəlxalq mediada “İranın öldürülməsi mümkün olmayan, doqquz canlı komandanı” kimi təqdim edilib. Bildirilir ki, son sui-qəsd hücumundan bir neçə dəqiqə əvvəl o, olduğu yeri tərk edib və həmin vaxtdan bəri harada olduğu məlum deyil.
Mossad agenti olduğu iddia olunur
Bəzi məlumatlarda isə Kaaninin 60 ildir İsrail kəşfiyyatı Mossad üçün işləyən agent olduğu və son hadisələrdən sonra İsrailə sığındığı iddia edilir.
Həmçinin onun HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” rəhbərləri Həsən Nəsrallah və Haşim Səfiyəddin, eləcə də İranın dini lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli İnqilab Keşikçiləri generallarına qarşı əməliyyatlarda mühüm rol oynadığı barədə iddialar səsləndirilir. Lakin bu məlumatlarla bağlı rəsmi mənbələrdən hələlik təsdiq verilməyib.


Bizim.Media