ABŞ-ın ticarət naziri Hovard Latnik vaxtilə cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Ceffri Epşteynlə Manhettendə qonşu olub. O, Epşteynlə əvvəlki əlaqələri ilə bağlı Nümayəndələr Palatasının Nəzarət Komitəsinə könüllü şəkildə ifadə verməyə razılaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
“Komitə qarşısında çıxış etməyi səbirsizliklə gözləyirəm. Mən heç bir yanlış hərəkət etməmişəm və hər şeyi aydınlaşdırmaq istəyirəm”, – deyə nazir bildirib.
Latnikin Epşteynlə keçmiş əlaqələri ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi sənədlərdə onun adının çəkilməsindən sonra diqqət mərkəzinə düşüb.
Ağ Evin nümayəndəsi Kuş Desai isə bildirib ki, Latnik ABŞ prezidenti Donald Tramp üçün vacib fiqur olaraq qalır, çünki o, böyük ticarət və investisiya sazişlərinin təmin olunmasında mühüm rol oynayıb.
“Tramp administrasiyası, o cümlədən nazir Latnik amerikalılar üçün yeni uğurlar əldə etməyə yönəlib”, – deyə Desai qeyd edib.
Qapalı formatda keçiriləcək ifadə yaxın həftələrdə baş tutacaq və onun stenoqramı sonradan dərc olunacaq. Latnik hələlik heç bir hüquq pozuntusunda ittiham edilmir.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri, respublikaçı Ceyms Komer bildirib ki, Latnik komitə qarşısında könüllü şəkildə ifadə verməyə razılıq verib.
“Mən onun şəffaflıq prinsiplərinə sadiqliyini və komitə ilə əməkdaşlıq etməyə hazır olmasını yüksək qiymətləndirirəm. Onun ifadəsini səbirsizliklə gözləyirəm”, – deyə Komer bildirib.
Axios yazır ki, ifadənin stenoqramı Latnikin vəkilinin yoxlamasından sonra dərc olunacaq. Bu, standart prosedur hesab olunur.
Bizim.Media