Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, hazırda Rusiyanın yaratdığı ən böyük risk onun danışıqlar masasında döyüş meydanında əldə etdiyindən daha çox nəticə qazanmasıdır.
Bizim.Media xəbər verir ki, bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Rusiya 2014-cü il cəbhə xəttindən kənara ciddi irəliləyiş əldə etməyib və bununla yanaşı böyük itkilər verib. Kallas qeyd edib ki, Moskva danışıqlar prosesində reallıqdan uzaq tələblər irəli sürür.
“Bu gün Rusiya zəifləyib, iqtisadiyyatı ağır vəziyyətdədir, Avropanın enerji bazarlarından təcrid olunub və vətəndaşlarının bir hissəsi ölkəni tərk edir. Əsl təhlükə ondadır ki, Rusiya danışıqlar masasında döyüş meydanında əldə etdiyindən daha çox nəticə qazana bilər”, — deyə Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
O əlavə edib ki, əsas məsələ danışıqlar masasında iştirakın özü deyil, müzakirə olunan mövzuların mahiyyətidir.
Kallasın fikrincə, Rusiyanın maksimalist tələblərinə minimal cavabla yanaşmaq mümkün deyil. O bildirib ki, əgər Ukrayna ordusunun sayının məhdudlaşdırılması müzakirə olunursa, oxşar tələblər Rusiyaya da şamil edilməlidir.
Aİ-nin ali nümayəndəsi həmçinin qeyd edib ki, Rusiya Ukraynaya vurduğu zərərə görə kompensasiya ödəməli, deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılmasını təmin etməli və sülhə həqiqətən can atırsa, hərbi cinayətlərə görə amnistiyaya ümid etməməlidir.
Bizim.Media