Azyaşlı qızların cinsi istismarı və insan alveri ittihamları ilə beynəlxalq qalmaqala səbəb olmuş amerikalı milyarder Ceffri Epşteyn işi üzrə yeni açıqlanan sənədlərdə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın adı da hallanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı yazıb.
Sənədlərə əsasən, tanınmış amerikalı təkamül bioloqu Robert Triversin Epşteynə göndərdiyi elektron poçt məktubu diqqət çəkir. Həmin məktubda Epşteynin müxtəlif siyasi və ideoloji fiqurlarla münasibətlərindən bəhs edilir və onun beynəlxalq əlaqələrinin xarakteri müzakirə olunur.
Trivers məktubunda Epşteynin siyasi mövqe baxımından fərqli davrandığını yazır. O, Epşteynin həm radikal sol liderlərlə, həm də fərqli ideoloji düşərgələrə mənsub şəxslərlə əlaqə saxlamasını vurğulayır. Məktubda belə bir ifadə yer alır: Epşteyn Fidel Kastronun yanında oturur və “Mən necə kömək edə bilərəm?” deyə soruşur.
Eyni yazışmada Mahmud Əhmədinejadla bağlı məqam da səsləndirilir. Trivers qeyd edir ki, Əhmədinejad İsraili və bəlkə də ümumilikdə yəhudiləri tənqid etdikdən sonra 2018-ci il martın 24-də Nyu-Yorkda Epşteynlə görüşüb. O, habelə, “Google”da apardığı axtarış nəticəsində Əhmədinejadın mühəndis və müəllim olduğunu öyrəndiyini və Epşteynin niyə onunla əlaqə saxladığını anlamadığını yazır.
Mahmud Əhmədinejad 2005–2013-cü illərdə İran İslam Respublikasının prezidenti olub. O, prezidentliyi dövründə BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün ümumilikdə doqquz dəfə Nyu-Yorka səfər edib. Ancaq 2018-ci ildə onun Nyu-Yorka səfər etdiyi barədə açıq mənbələrdə məlumat yoxdur.
Məsələ ilə bağlı Əhmədinejadın rəsmi informasiya kanalı sayılan “Doulət-e Bahar” belə bir görüş və ya səfər iddiasını təkzib edib.
Keçmiş prezidentin media məsələləri üzrə müavini Əli Əkbər Cavanfekr isə öz “Telegram” kanalında paylaşım edərək bildirib ki, bu iddia “yalan və manipulyasiya üzərində qurulmuş xəbərlərdən başqa bir şey deyil. Belə bir görüş heç vaxt baş tutmayıb”. (Iran International)


Bizim.Media