ABŞ prezidenti Donald Tramp bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.
Agentliyin yazdığına görə, məhz bu mövzuların müzakirəsi sülh planının əsas bəndləri üzrə ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Daha əvvəl Volodimir Zelenski bəyan edib ki, Vaşinqtonla Kiyev arasında bir çox məsələlər artıq razılaşdırılıb və sülh planı 90 faiz hazırdır.
Lakin Moskvanın bütün Donbasın verilməsi tələbi Rusiya prezidentinin ABŞ və Ukrayna arasında Floridada əldə olunmuş razılaşmaları qəbul edib-etməyəcəyinə dair ciddi şübhələr yaradır.
Yeri gəlmişkən, az öncə Ukrayna və Rusiya arasında Zaporojye Atom Elektrik Stansiyasında (Rusiya tərəfindən 2022-ci ilin mart ayında ələ keçirilmiş) müvəqqəti atəşkəs elan edilib.

Bizim.Media