Müasir dövrdə radikal-şovinist siyasət yürüdən ölkələr siyahısında Hindistan xüsusilə diqqət çəkir. Əhali sayına görə dünyada birinci yerdə olan bu ölkədə yüzlərlə fərqli etnik qrup yaşayır, daha doğrusu yaşamağa çalışır.
Ona görə ki, hazırda iqtidarda olan Narendra Modinin rəhbərlik etdiyi Milli Demokratik Alyansın siyasi xəttində “hindutva” millətçilik siyasəti ön plandadır. Onların hakimiyyətə gəlməsi də bu konsepsiya - qeyri-hindulara qarşı populist, radikal çıxışlar nəticəsində - mümkün olub.
“Hindutva”nın hədəfində isə təkcə müsəlmanlar yoxdur. Pəncab vilayətində yaşayan 25 milyonluq siqh icması da Hindistan hökumətinin millətçilik siyasətinin qurbanları siyahısındadır.
Repressiyaların başlanğıc nöqtəsi: Siqhlərə qarşı ilk xəyanət
1947-ci ildə Hindistan və Pakistanın yaradılması zamanı siqhlərin maraqları nəzərə alınmadı və Pəncab əyaləti süni şəkildə iki hissəyə bölündü. Bu, siqhlərin tarixi faciəsinin başlanğıc nöqtəsi oldu. 1950-ci illərdən etibarən Hindistanda yüksələn millətçi siyasət siqhlərin dil və inzibati muxtariyyət tələblərinin boğulması ilə nəticələndi.
1980–1984-cü illərdə hüquqi tələblərin qarşısı zor gücünə alındı və icma ilə Hindistan hakimiyyəti arasında silahlı toqquşmalar baş verdi. 1984-cü ilin iyununda isə tarixin ən səs-küylü əməliyyatlarından biri – “Mavi Ulduz” həyata keçirildi. Ordu Qızıl Məbədə hücum etdi, yüzlərlə dinc sakin qətlə yetirildi. Bu olay siqhlərin yaddaşında “Hindistan dövlətinin açıq müharibə elan etdiyi gün” kimi qaldı.

Sonrakı illərdə də öz hüquqları uğrunda mübarizə aparmağa çalışan siqhlər Hindistan tərəfindən repressiyalara məruz qaldılar.
Repressiyaların ilk qurbanlarından biri hüquq müdafiəçisi Cəsvant Sinx Xalra idi. O, araşdırmaları nəticəsində Pəncab polisinin 25 minə yaxın günahsız siqhi “silahlı şəxs” adı ilə qətlə yetirib, kremasiya etdiyini üzə çıxarmışdı. Məhz bu səbəbdən onun özü də polis tərəfindən işgəncələrə məruz qalaraq öldürülüb.
Susdurulan səslər: Hüquq müdafiəçilərinin repressiyası
Hindistan hökuməti nəinki ölkə ərazisində, dünyanın müxtəlif bölgələrində siqhlərin hüquqları uğrunda mübarizə aparan fəallara qarşı sui-qəsdləri davam etdirir.
Ən səs-küylü sui-qəsdlərdən biri 2023-cü ilin iyununda Kanadada baş verdi. Xalistan fəalı Hardeep Sinqh Nijjar dayanacaqda güllələnərək qətlə yetirildi. Kanada hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Hindistan hökumətinin hadisədə əli olduğu müəyyən edildi. 2024-cü ilin oktyabrında Kanada Ali Komissar Sanjay Kumar Verma da daxil olmaqla altı hind diplomatını persona non qrata elan edərək, ölkədən çıxardı. Bu vəziyyət iki ölkə arasında diplomatik böhranın yaranması ilə nəticələndi.

Nijjarla eyni dövrdə - 2023-cü ilin iyununda ABŞ-da aktivist Gurpavant Sinqh Pannuna qarşı sui-qəsd cəhdi baş verib. ABŞ Federal Təhqiqat Bürosunun (FTB) araşdırmaları nəticəsində planın təşkilatçısının Hindistanın kəşfiyyat əməkdaşı Vikash Yadav olduğu müəyyən olunub.

2024-cü ilin avqustunda isə “Siqhlər üçün Ədalət” (Siqhs for Justice – SFJ) təşkilatının fəalı Satinder Pal Sinqh Rajuya qarşı Kaliforniyada sui-qəsd cəhdi edilib.
Bütün bunlar birbaşa olaraq Hindistanın hazırki rejimi tərəfindən törədilmiş cinayətlərdir.
Cinayətlərin beynəlxalq ifşası
Hindistan rejiminin siqhlərə qarşı repressiya siyasətini bir sıra beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları da açıq şəkildə ifşa edib.
BMT-nin İnsan Hüquqları Komitəsinin 2024-cü ilin iyulunda yaydığı bəyanatda siqh fəallarına qarşı təzyiqlər və zorakılıqlardan narahatlıq ifadə olunub.
“Humans Rights Watch”ın 2024-cü ilin əvvəlində dərc etdiyi hesabatda Hindistan hökumətinin dini və etnik azlıqlara qarşı diskriminasiya siyasətindən, o cümlədən siqhlərin təzyiqlərə məruz qalmasından açıq şəkildə bəhs olunub.
USCIRF (ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası) 2023-cü ilin dekabrında Hindistanın dini azlıqlara qarşı transmilli repressiyasından, siqh fəallara qarşı hücumlardan dərin narahatlığını ifadə edib. Təşkilat ABŞ Dövlət Departamentindən Hindistana qarşı sanksiyaların tətbiqini tələb edib.
“Sikhs for Justice” təşkilatının “Siqhlər üçün mövcud təhlükə” adlı hesabatında siqhlərin dini və hüquqi müstəqilliyinin məhdudlaşdırılması ilə bağlı məlumatlar öz əksini tapıb.
Sikh Federation UK-nin 2023–24 illik hesabatında isə siqh fəallara qarşı repressiyalardan, o cümlədən siyasi məhbuslara qarşı qanunazidd münasibətin davam etdiyi qeyd olunub.
Mübarizənin beynəlxalq platforması
Hindistan rejiminin bütün qanunazidd əməllərinə, repressiyalarına baxmayaraq, siqhlər öz hüquqları uğrunda mübarizəni davam etdirirlər.
2007-ci ildə ABŞ-da hüquqşünas Qurpavant Sinqh Pannun tərəfindən yaradılmış Siqhlər üçün Ədalət (Siqhs for Justice - SFJ) təşkilatı siqh xalqının öz müqəddəratını təyin etmə hüququnun beynəlxalq səviyyədə tanınması üçün mübarizə aparır. Təşkilat mütəmadi olaraq BMT və Qərb institutlarında siqh xalqına qarşı repressiyaları gündəmə gətirir.
Xalistan Şurası (Council of Khalistan) və Ümumdünya Siqhlər Təşkilatı (World Siqh Organization - WSO) təşkilatları da beynəlxalq səviyyədə sikhlərin hüquqlarının müdafiəsi üçün çalışır.
Kanada Siqh Şurası (Siqh Council of Canada) isə daha çox mədəni və dini xarakter daşıyan təşkilatdır. Şura əsasən siqh icmasının dini və mədəni həyatını qorumaqla məşğuldur.
Siyasi terrorun rəsmi ideologiyaya çevriləndə...
Göründüyü kimi, Narendra Modi iqtidarının ideoloji baza kimi qəbul etdiyi “hindutva” doktrinası etnik və dini azlıqlara qarşı sistemli təzyiq siyasətinin legitimləşdirilmiş formasıdır. Müsəlmanlar, xristianlar, siqh icması və digər etnik-dini qruplar uzun illərdir ki, məhz bu doktrinanın hədəfindədir.
Siqhlərə qarşı repressiyaların tarixi təsadüfi deyil – bu, məqsədli şəkildə həyata keçirilən dövlət strategiyasının nəticəsidir. Bütün tarixi faktlar Hindistan hakimiyyətinin bir etnik icmanı sistemli şəkildə susdurmaq üçün hansı sərt üsullara əl atdığını sübut edir.
Ən təhlükəlisi isə odur ki, artıq Hindistan bu repressiv siyasəti yalnız öz hüdudlarında aparmır, xaricdə də davam etdirir. Bu, faktiki olaraq beynəlxalq hüququn və beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə meydan oxumaqdır.
Beynəlxalq təşkilatların ardıcıl hesabatları da göstərir ki, Hindistanın indiki siyasəti nə demokratiya, nə hüququn aliliyi, nə də azlıqların müdafiəsi prinsiplərilə uzlaşır.
Bu isə artıq təkcə siqhlərin problemi deyil – Hindistanın ideoloji olaraq radikallaşması qlobal təhlükəsizlik üçün də risk faktoruna çevrilməkdədir...
Bizim.Media-nın analitik qrupu