İsrail Hərbi Hava Qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın ali rəhbərliyini hədəf alan zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti məlumat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, zərbə illərdir terror təşkilatının fəaliyyətinə rəhbərlik edən, 7 oktyabr qətliamının təşkilinə və İsrail dövlətinə qarşı müharibənin aparılmasına birbaşa məsuliyyət daşıyan şəxslərə endirilib.
“Zərbədən öncə mülki şəxslərə zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb. Bunun üçün yüksək dəqiqlikli silahdan istifadə olunub və əlavə kəşfiyyat məlumatı təmin edilib”, – deyə məlumatda bildirilib.
Qətərin “Əl-Ərabi” kanalı isə hücum nəticəsində HƏMAS liderlərindən Xalil əl-Hayyanın ofisinin dağıldığını, lakin onun məhv edilməsi faktının hələ təsdiqlənmədiyini bildirib.
Bizim.Media