Belə bir fikir var: “Heç bir xəritə Yer kürəsini tam dəqiq təsvir edə bilməz”. Mütəxəssislər də təsdiqləyirlər ki, Yer kürəsi səthini kağız üzərinə yaradanda mütləq hansısa ölçü, forma, məsafə və ya istiqamət təhrif olunur. Dünyanın ilk dəqiq xəritəsini Osmanlı admiralı, kartoqraf Piri Rəis vermişdi, onun da xəritəsində mistik məqamlar olduğu üçün elmi təsdiqini almayıb, sadəcə tarixi sübut kimi saxlanılır.
Doğrudur, Piri Rəisin 1513-cü ildə hazırladığı xəritə öz dövrü üçün çox diqqətçəkən idi. Xüsusilə Amerika qitəsinin bəzi sahilləri (Kolumbun kəşfində həmin ərazilər yox idi) o dövrün Avropa xəritələri ilə müqayisədə kifayət qədər dəqiq təsvir edilmişdi. Piri Rəis xəritəni təkcə öz müşahidələri əsasında hazırlamamışdı, əvvəlki xəritələrdən və dənizçilərin məlumatlarından da istifadə etmişdi.
XVI əsrdən bu günə nə dəyişdi?
XV–XVI əsrlərdə dəniz səyahətləri, kompas, astronomik müşahidələr və yeni coğrafi kəşflər xəritələri sürətlə təkmilləşdirdi. 1569-cu ildə Gerardus Merkatorun dünya xəritəsi isə naviqasiya üçün inqilabi əhəmiyyət daşıdı. Bax burada xüsusi məqam var: 457 ildir ki, dünyanın ölçüsü bu kişinin hazırladığı xəritə ilə müəyyənləşirdi.
Amma bu il, sentyabrın 4-də BMT Baş Assambleyası qətnamə qəbul edib Merkator xəritəsindən Equal Earth xəritəsinə keçdi. Səbəbi belə göstərdi ki, Merkator xəritəsi XVI əsrdə dənizçilik üçün hazırlanıb. Onun problemi budur ki, ekvatordan uzaqlaşdıqca əraziləri getdikcə daha böyük göstərir. Afrika xəritədə olduğundan xeyli kiçik, böyük görünür. Məsələn, Qrelandiya az qala Afrikaya yaxın ölçüdə təsvir edilir, halbuki gerçəkdə Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.
Ümumiyyətlə, Equal Earth nə deməkdir?
İngiliscədən tərcümədə “Bərabər yer” demək olan Equal Earth kürə formasında olan Yer səthini düz xəritədə göstərmək üsuludur. Əsas xüsusiyyəti budur ki, qitələrin sahələrini bir-birinə nisbətən real ölçülərinə yaxın saxlayır. Equal Earth proyeksiyası 2018-ci ildə kartoqraflar Bojan Savriç, Bernhard Jenny və Tom Patterson tərəfindən təqdim edilib.
Yeni xəritədı Afrikadan başqa digər ölkələr də “xoşbəxt olacaq”. Cənubi Amerika daha böyük görünəcək; Hindistan və digər Asiya ölkələri nisbətən “böyüyəcək” . Avropa və Şimali Amerika isə daha kiçiləcək.
Bəs Azərbaycan?
Coğrafiya üzrə fəlsəfə doktoru Famil Kərimov Bizim.Media-ya açıqlamasında bir vacib məqamı diqqətə çatdırdı. Azərbaycan ekvatora nisbətən orta-yüksək enlikdə yerləşdiyinə görə yeni xəritədə onun vizual ölçüsü çox cüzi fərqlənəcək, hər halda Qrenlandiya kimi kəskin fərq olmayacaq.
“Azərbaycanın 86,6 min kvm ərazisi olduğu kimi qalacaq, yəni sadə dillə desək, sərhədlərin ölçüsü yox, görüntüsü dəyişir. Ölkəmiz Equal Earth proyeksiyasında vizual olaraq bir qədər kiçilmiş kimi görünə bilər. Lakin Gürcüstan, Ermənistan, Türkiyə və digər qonşu ölkələr də bənzər enliklərdə yerləşdiyindən Azərbaycanın region nisbətində ölçüsü ciddi fərqlənməyəcək”.
Qeyd edək ki, BMT-nin qətnaməsi hüquqi baxımdan məcburi deyil. Merkator xəritəsi qadağan edilmir. Sadəcə BMT hökumətləri, dərslikləri, medianı və rəqəmsal platformaları qitələrin sahəsini düzgün göstərən xəritələrdən istifadəyə çağırır.
Şəfiqə Şəfa, Bizim.Media