Daha gözəl və fərqli görünmək naminə, xüsusilə qadınların üstünlük verdiyi müvəqqəti tatu gözlənilməz fəsadlara səbəb olur. Xüsusilə “qara xına” deyilən boyaların tərkibində olan bəzi kimyəvi maddələr dəridə güclü allergik reaksiyalara yol aça bilər. İndiyə qədər bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-də “qara xına” ilə tatu əsasən 16 yaşdan aşağı şəxslərə və allergik testi etdirməyənlərə qadağan edilmişdi. Ötən gün isə Türkiyə də bu ölkələrə qoşuldu. Gələn ildən etibarən ölkədə “qara xına” qadağan olunmuş məhsullar sırasına daxil ediləcək.
Bəs bu gözəllik trendinin arxasında hansı təhlükə dayanır?
“Qara xına”da boyanı daha tünd və tez rənglənən etmək üçün parafenilendiamin əlavə edilir. Dermatoloq Səbinə Abbasovanın Bizim.Media-ya verdiyi məlumata görə, bu maddə güclü allergendir və dəridə ciddi kontakt dermatit, suluq, çapıq və rəng dəyişiklikləri yarada bilər.
Qısamüddətli tatu, uzunmüddətli problem
“Ən təhlükəli tərəfi odur ki, bəzən dəri dərhal reaksiya vermir. İnsan həmin anda heç bir problem yaşamasa belə, orqanizmi bu kimyəvi maddəyə həssaslaşdıqdan sonra gələcəkdə saç boyalarına və bəzi digər boyalara qarşı da güclü allergik reaksiya göstərə bilər. Qadınlar çox vaxt salonlarda həm narıncı rəngli xınalardan həm də qara xınadan tatu etdirirlər. Ənənəvi xına təhlükəli deyil, o təbii məhsuldan alınır. Üstəlik sadəcə dərinin üst qatına çəkilir, iynə ilə yeridilmir. Qara xına isə dərinin alt qatına yeridildiyi üçün fəsadları qaçılmaz olur”.
Qadınların diqqət etməli olduğu təhlükə
Dermatoloq əlavə etdi ki, qara xına saça da qoyulur, amma bu zaman ciddi təhlükə yaratmır. Çünki saç 30-35 dəqiqədən sonra yuyulur, parafenilendiamin maddəsi dərinin alt qatına nüfuz etmir.
Mütəxəssis onu da diqqətə çatdırdı ki, xüsusən də üstündə “instant” (dərhal) yazılmış “qara xına”lardan uzaq durmaq lazımdır. Çünki qara rəngin qısa müddətdə alınması şübhə doğurmalıdır.
Şəfiqə Şəfa, Bizim.Media