Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyent və subbakalavrlar yerləşdirmənin nəticələrinin açıqlanmasını gözləyirlər. İxtisas seçiminin başa çatmasından bir neçə gün keçsə də, nəticələrin elan olunacağı dəqiq tarix hələ məlum deyil. Abituriyentləri maraqlandıran əsas məsələlərdən biri nəticələrin nə zaman açıqlanacağıdır.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq.
DİM-in mətbuat katibi Xanlar Xanlarov Bizim.Media-ya bildirib ki, qəbul nəticələrinin elan olunacağı konkret vaxtı söyləmək olmur.
“Ali təhsil müəssisələrinə yerləşdirmə prosesi başa çatdıqdan dərhal sonra nəticələr elan olunur” – deyə qurum rəsmisi qeyd edib.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi avqustun 19-u saat 23:59-da başa çatıb. DİM bundan əvvəl ixtisas seçiminin nəticələrinin növbəti həftə ( yəni bu həftə) ərzində elan olunacağını bildirmişdi.
Günay Şahmar, Bizim.Media