Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 17 avqust 2026-cı il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. Sərəncama əsasən, polkovnik Elfan Şakir oğlu Quliyevə “general-mayor” ali hərbi rütbəsi verilib.
Bizim.Media “bakıvaxtı.az”a istinadən xəbər verir ki, əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan olan Elfan Quliyev DSX Akademiyasının məzunudur. O, hərbi xidmətə zabit kimi başlayıb və müxtəlif vəzifələrdə xidmət keçib.
Quliyev sərhəd mühafizəsinin təşkili, dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və şəxsi heyətin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. O, həmçinin miqrasiya orqanlarında müxtəlif vəzifələrdə xidmət edib.
Quliyev 2017-ci ildə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.
O, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Bayrağı” ordeni və “İgidliyə görə” medalları ilə təltif edilib. Quliyev müharibə iştirakçısıdır.
Hazırda Elfan Quliyev Çevik Hərəkət Qüvvələri komandanlığının qərargah rəisi vəzifəsində xidmət edir.
Prezidentin 17 avqust tarixli sərəncamı ilə DSX-nin general-mayorları Babək Mürsəl oğlu Ələkbərova, Aqşin Ramiz oğlu Məhərrəmova və Faiq Həmzəağa oğlu Məmmədova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Bizim.Media