Bu il keçirilən magistraturaya qəbul imtahanında yüksək nəticə göstərən bakalavrların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, 75 və daha yuxarı bal toplayanların ümumi sayı 2024-cü ildə 1071 nəfər, 2025-ci ildə 988 nəfər, 2026-ci ildə isə cəmi 579 nəfər olub. Bu isə 2024-cü illə müqayisədə 492 nəfər və ya təxminən 46 faiz azalma deməkdir. Başqa sözlə, iki il ərzində 75-dən yuxarı bal toplayanların sayı demək olar yarıya enib.
Maraqlıdır ki, yüksək və orta nəticə göstərənlərin sayındakı azalma imtahanda iştirakçı sayının azalması ilə izah oluna bilməz. Əksinə, son üç ilin statistikası göstərir ki, 2024-cü ildə magistratura imtahanında 24858, 2025-ci ildə 26241, 2026-cı ildə isə 27859 şəxs iştirak edib.
Yəni builki imtahanda iştirakçı sayı son üç ilin ən yüksək göstəricisi olu.
Bəs iştirakçı sayı artdığı halda yüksək və orta nəticələrin azalmasının səbəbi nədir? İmtahan əvvəlki illərlə müqayisədə daha çətin tərtib olunub, yoxsa bakalavrların hazırlıq səviyyəsində geriləmə var?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Məzahir Məmmədli bildirir ki, yüksək ali təhsilə maraq əvvəlki kimi deyil:
“Azərbaycanda son bir neçə ildə magistraturaya maraq xeyli azalıb. Birinci səbəb əmək bazarında magistratura təhsilinə olan tələbin aşağı olmasıdır. İkinci səbəb isə Dövlət İmtahan Mərkəzinin hazırladığı suallarla ali təhsil müəssisələrində tədris olunan proqramlar arasında müəyyən uyğunsuzluğun mövcudluğudur.
Ötən il təxminən 1200 dövlət sifarişli yer dolmayıb. Bu il üzrə yekun təhlillər hələ açıqlanmasa da, ümumilikdə 3800-ə yaxın vakant yerin qaldığı görünür.
Bütün bunlar onu göstərir ki, imtahan nəticələrinin aşağı düşməsinin əsas səbəblərindən biri Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi sualların kifayət qədər çətin olmasıdır.
Ali təhsil müəssisələrində bakalavr pilləsində verilən hazırlıq həmin sualları cavablandırmaq üçün yetərli olmur. Çünki nə ümumi təhsil məktəblərində məntiq kifayət qədər tədris edilir, nə də universitetlərdə bu istiqamətdə hazırlıq lazımi səviyyədədir. Belə olan halda imtahandakı 50 məntiq sualına hazırlaşmaq bakalavrlar üçün ciddi çətinlik yaradır. Bu çatışmazlığı aradan qaldırmaq üçün abituriyentlər əlavə hazırlıq kurslarına üz tutmalı olurlar ki, bu da əlavə maliyyə xərcləri tələb edir. Mövcud iqtisadi şəraitdə isə hər kəsin belə hazırlıq keçmək imkanı olmur və nəticədə imtahan göstəriciləri aşağı düşür”.
Qeyd edək ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşdığı məlumata əsasən bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78.41%-i) dolub. Beləliklə, 3813 plan yeri boş qalıb.
Xədicə Paşayeva, Bizim.Media