Martın 29-dan güclü qar səbəbindən bağlanan Quba-Alpan-Susay-Xınalıq yolu bu gün yenidən istifadəyə verilib.
Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin işçilərinin 25 günlük gərgin əməyi nəticəsində qarın hündür qalaqlar yaratdığı yol təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti üçün tam açılıb.
Məlumatı Bizim.Media-ya Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin sahə rəisi Hüseynağa Xəlilov verib.
Onun sözlərinə görə, Xınalığa aparan alternativ yolun 25-ci kilometrindən 50-ci kilometrinədək olan hissəsi 25 gün ərzində böyük çətinliklə qardan təmizlənib.
Hüseynağa Xəlilov bildirib ki, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bu yolda gündə orta hesabla 1 kilometr məsafəni qardan təmizləmək mümkün olub.
“Bu gün yolu açdıq. Artıq sürücülər Quba-Alpan-Susay-Xınalıq yolundan maneəsiz istifadə edə bilərlər”, - deyə o vurğulayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu