Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən Aleksandr Vaysero barəsində hökm çıxarılıb.
Bizim.Media xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılıb.
Məhkəmə prosesində dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Müdafiə tərəfinin çıxışından və təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə hökmü elan edib.
Məhkəmənin qərarına əsasən, Aleksandr Vaysero 4 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən olunub ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində fəaliyyət göstərərək külli miqdarda pul vəsaitini leqallaşdırıb. Söhbət ölkə hüdudlarından kənarda fəaliyyət göstərən qanunsuz bukmeker, lotereya və digər qumar saytları vasitəsilə əldə edilən vəsaitdən gedir.
Bildirilir ki, vəsaitin mənbəyini gizlətmək məqsədilə təqsirləndirilən şəxs pulları müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş bank kartlarına hissə-hissə köçürüb.
Leqallaşdırılan vəsaitin ümumi məbləği 727 min 24 manat 40 qəpik təşkil edib.
Aleksandr Vaysero bu ilin mart ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin yayında saxlanılan 8 Rusiya vətəndaşının təqsirləndirildiyi kibercinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı olub. Təqsirləndirilən şəxslər arasında Aleksandr Vaysero, Anton Draçev, Valeri Dulov, Aleksey Vasilçenko, Dmitri Bezuqlıy, İlya Bezuqlıy, Dmitri Fyodorov və Sergey Sofronov var.
Bizim.Media